Əsərin təhlilinə hazırlaşın.
Doğma yurdun misilsiz gözəlliyini əks etdirən “Dağlar” şeiri elə ilk misralardan oxucunu valeh edir, onda xoş ovqatın, fərəh hissinin yaranmasına səbəb olur. Bunun bir mühüm səbəbi də əsərin bədii gözəlliyidir. Bu bədii gözəlliyi yaradan vasitələri aydınlaşdırmaq üçün müşahidələrinizi davam etdirin. Sözlərin hansı ustalıqla seçildiyinə, bir-biri ilə əlaqələndirildiyinə, misrada yerləşdirildiyinə diqqət edin.
Bədii təsvir və ifadə vasitələrinin rolunu müəyyənləşdirməyə çalışın. Şeirdə sizin üçün yeni olan məcaz növü - metafor (yunanca köçürmə deməkdir) işlənmişdir. Metafor bir əşya, varlıq və hadisəyə məxsus əlamətin başqa bir əşya, varlıq və ya hadisə üzərinə köçürülməsi yolu ilə yaranır. Bənzətmədən (təşbehdən) fərqli olaraq, metaforda qarşılaşdırılan tərəflərdən biri iştirak etmir. Məsələn, “Üzü günəş kimi işıq saçan qızım susmasın” cümləsində üzün (sifətin) günəşə bənzədilməsi ilə təşbeh yaradılmışdır. Həmin cümləni "Günəşim susmasın” şəklinə salsaq, metafor yaranacaq. İnsana, canlıya aid olan əlamətin, xüsusiyyətin təbiətin, cansızların üzərinə köçürülməsi yolu ilə yaranan metaforlara bədii ədəbiyyatda daha çox rast gəlinir.
“Meşə gülür, bulaqların həzin nəğməsi eşidilirdi” cümləsinə diqqət edin. Aydındır ki, meşə gülməz, bulaq nəğmə oxumaz. Deməli, insana aid olan xüsusiyyətlər meşənin, bulağın üzərinə köçürülmüş, beləliklə, metafor əmələ gəlmişdir. Metafor da bənzətmə, epitet və s. təsvir vasitələri kimi əsərin bədii təsir gücünü artırır, oxucuda zərif hiss və duyğuların yaranmasına səbəb olur.