Bənövşələr salsın başın aşağa,
Nərgiz olsun gözlərinə sadağa,
Gül camalın görüb düşsün torpağa,
Bülbülü gətirsin əfğanə, gəlsin!
Siyah zülfü tər buxaqda dənlənib,
Sonalar yerişi ondan öyrənib,
Ovçu görmüş maral kimi səksənib,
Oğrun baxa-baxa hər yanə gəlsin!
Barmağında xatəm, belində kəmər,
Telində güşvarə, düymə tamam zər,
Qərq olsun yaşıla, ala sərasər,
Naz ilə sallana-sallana gəlsin!
Sürmə çəksin gözlənnə, qaşına,
Gündə yüz yol mən dolanım başına,
Zakirtək yanmağa eşq ataşına
Cürəti var isə, pərvanə gəlsin!