məclisində oxunan bu gözəl əsər meydana gəlir. Xalq yaradıcılığından uğurla bəhrələnən şair dilinin aydınlığı, şirinliyi ilə diqqəti dərhal cəlb edən, bütün dövrlərdə maraqla oxunan və asan əzbərlənən bu şeirdə yalnız doğma təbiəti, kənd gözəllərinin geyimini, bəzəyini təsvir etməklə kifayətlənməmişdir. Əsərdə əksini tapmış ictimai mətləbləri, şairin kədər və təəssüf hissinin səbəblərini aydınlaşdırmağa çalışın. Şeirin bədii təsir gücünü artıran vasitələri müəyyənləşdirməyə səy edin. Bədii təzadın, təsvir və ifadə vasitələrinin əsərə gətirdiyi gözəlliyi aşkara çıxarmağa xüsusi diqqət yetirin. Şeirin forma xüsusiyyətlərinə nəzər salmağı da unutmayın. O, heca vəznində olub qoşma janrında yazılmışdır. Daha çox 3, 5, 7 bənddən ibarət olan qoşmanın misraları 11 hecalıdır. Misradaxili bölgüsü 6-5, yaxud 4-4-3 şəklindədir. Birinci bəndin birinci-üçüncü misraları sərbəst, ikinci-dördüncü misraları həmqafyə olur. Qalan bəndlərin ilk üç misrası öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin sonuncu misrası ilə qafiyələnir. Son bənddə, adətən, müəllifin adı və ya təxəllüsü verilir. Bütün bunlar əsərin ideyaməzmununu, forma xüsusiyyətlərini daha dərindən başa düşməyinizə və ətraflı izah etməyinizə imkan yaradacaqdır.
QASIM BƏY ZAKİR
Gəlsin
Badi-səba, söylə mənim yarıma,
Gözəllər çıxıbdı seyranə, gəlsin!
Təğafül etməsin, işrət çağıdır,
İçilir hər yerdə peymanə, gəlsin!