Dastanda anaya, qadına hörmət, əmək
adamına rəğbət, zülmə, ədalətsizliyə etiraz və nifrət hissi geniş əksini tapmışdır.
“Koroğlu ilə Bolu bəy” qolunda bir-birinə zidd olan iki əxlaq qarşı-qarşıya gəlir. Bir
tərəfdə mərdlik, igidlik, xeyirxahlıq, digər tərəfdə namərdlik, qorxaqlıq, pislik... Dastanın
üzərində müşahidələrinizi davam etdirin. Hakim təbəqənin nümayəndələrinin və el
qəhrəmanlarının xarakter və əməllərindəki fərqi müəyyənləşdirməyə çalışın. Nigar xanım
qolda az görünsə də, diqqəti dərhal çəkir. Onun böyük hörmət və nüfuz sahibi olmasının
səbəbini aydınlaşdırmağa səy göstərin.
Dastan bədii gözəlliyi ilə də oxucunu valeh edir. Bu gözəlliyi yaradan vasitələrin üzərində
düşünün. Əhvalat və hadisələrin bir-biri ilə necə ustalıqla bağlandığına, dilin sadəliyinə
və təravətinə xüsusi fikir verin. Obrazların hiss və düşüncələrinin təbii, inandırıcı
ifadə edilməsində, döyüş səhnələrinin canlı təsvirində bədii təsvir və ifadə vasitələrinin
rolunu aydınlaşdırın.
- Araşdırın
- Fikirləşin
- Cavab verin
-
Qolda Koroğlu obrazının hansı yeni xüsusiyyətlərini öyrəndiniz? Onun davranış və
əməllərinə, müxtəlif vəziyyətlərdə nitqinə - danışığına diqqət yetirməklə fikrinizi
əsaslandırın.
- Bolu bəyin xarakterindəki başlıca cəhətlər hansılardır? Onun nitqindən, davranış və
əməllərindən nümunələr gətirməklə fikrinizi əsaslandırın.
- Nigar xanımın Çənlibeldə böyük hörmət, nüfuz sahibi olmasına səbəb, sizcə, nədir?
- Dünya xanımı ağıllı, tədbirli adam saymaq olarmı? Fikrinizi dastandan seçdiyiniz
misallarla əsaslandırın.
- Epik növün nümunəsi olmaqla, dastanı lirik növdən fərqləndirən cəhətlər hansılardır?
Müqayisələr aparmaqla fikrinizi əsaslandırın. Müqayisə cədvəlindən, yaxud Venn
diaqramından istifadə edin.
- Qolda bədiiliyi təmin edən cəhətləri aydınlaşdırın. Bədii təsvir və ifadə vasitələrinin,
atalar sözü və deyimlərin rolunun müəyyənləşdirilməsinə xüsusi diqqət yetirin.
- Əsərin ideyasını, süjetindəki başlıca xüsusiyyətləri müəyyənləşdirin.
- Tətbiq
- Müzakirə
- Yaradıcı iş
Müzakirə edin: Qoldakı şeirlər əhvalat və hadisələrlə, qəhrəmanların ovqatı,
vəziyyəti
ilə necə səsləşir?
-
Mövzulardan birini seçib işləyin.
- “Koroğlunun döyüşlərdə uğur qazanmasının səbəbini nədə görürəm?” mövzusunda
esse yazın.
- “Koroğlu ilə Bolu bəyin müqayisəli təhlili” mövzusunda inşa yazın.