Bunu deyib Koroğlu özünü vurdu qoşuna. Qoşun elə bircə dəfə Koroğlunun boyunu gördü. Bayaq ha üz qoydu qaçmağa. Atalar deyiblər ki, göz gördüyündən qorxar. Qoşun da ki Koroğludan gördüyünü görmüşdü. Bir anda meydan boşaldı. Koroğlu baxdı ki, Bolu bəy işi pis görüb əkilmək istəyir.
Bolu bəyin təpəsinə elə bir qılınc vurdu ki, iki parça olub yerə düşdü. Belə dönəndə gördü Mehtər Murtuz özün atdı Qıratın ayaqlarının altına ki:
- Koroğlu, bir qələtdi eləmişəm. Qul xətasız olmaz, ağa kərəmsiz. Məni dolandır Eyvazın başına.
Koroğlu dedi:
- Dur düş qabağıma!
Mehtər Murtuz sevincək durub düşdü Koroğlunun qabağına. Gəlib çatdılar İsabalıgilə. İsabalı soruşdu:
- Koroğlu, bu kimdir?
Koroğlu dedi:
- Bir yaxşı-yaxşı bax!
İsabalı diqqətlə baxıb dedi:
- Bu ki Mehtər Murtuzdu.
Koroğlu dedi:
- Özüdü ki, var. Yaxşı tanıyıbsan. Bələdçilik eləyib Çənlibelə yağı gətirən, məni Bolu bəyə nişan verən bu haramzada idi.
İsabalı əlini qılınca atmaq istəyəndə Koroğlu qoymadı.
Elə bu sözdə bir də baxdılar ki, budu, Dünya xanım bir atın üstündə, qaravaş da bir atın üstündə gəldilər. Koroğlu soruşdu:
- Dünya xanım, bəs bu kimdi?
Dünya xanım dedi:
- Bu mənim qaravaşımdı. Əgər bu olmasaydı, biz səni qurtara bilməyəcəkdik.
Koroğlu, İsabalı, Dünya xanım, qaravaş Mehtər Murtuzu qabaqlarına qatıb Çənlibelə tərəf yola düşdülər. O qədər at sürdülər ki, gəlib çatdılar Çənlibelin dağlarına. Dağları görcək Koroğlunun ürəyi oynadı, gözləri doldu. Koroğlu çox qürbətlərdə olmuşdu. Amma heç belə qəribsəməmişdi. Budəfəki qürbət ona çox əsər eləmişdi. Üzünü dağlara tutub dedi:
Bir zamanlar səfa sürüb gəzərdim,
Onda səndin mənim qardaşım, dağlar!
Nə zaman ki yağı düşman gələndə
Səndə çox olurdu savaşım, dağlar.
... Koroğluyam, gəzdiyimi tapardım,
Qayalar başında qala yapardım,
Ağ sürüdən əmlik quzu qapardım,
Yeyib qurdlarınla ulaşım, dağlar!