- Koroğlu, dəlilərdən gələn olmadı. Bəs nə təhər eləyək? Bolu bu gün səni asdırmaq istəyir.
Koroğlu dedi:
- Elə demə, xanım! Dəli mənimdisə, mən bilirəm ki, gəlməmiş olmazlar, harda olsa, gəlib çıxarlar.
Dünya xanım dedi:
- Gəlsə, kim gələcək? Heç olmasa, bir adınsa da de, bilək.
Dünya xanımın cavabında aldı Koroğlu, dedi:
Genə yada düşdü mərd oğullarım,
Bu gün Dəmirçioğlu burda gərəkdir.
Həzəran oyunlu, diliballarım,
Bu gün xan Eyvazım burda gərəkdi.
İgid məclisində boylu-büsatlı,
Meydana girəndə o ərəbatlı,
O Misri qılınclı, aslan süfatlı,
Bu gün Dəli Həsən burda gərəkdi.
Koroğlu önündə mərdanə duran,
Bənövşə bığların dalından buran,
Bir əlində yeddi ifçin nal qıran,
Bu gün İsabalı burda gərəkdi.
İsabalı dedi:
- Can Koroğlu, burdayam. Ancaq çalıb-oxumaq vaxtı deyil. Düşmən dörd tərəfimizi alıb. Tez ol çıx, görək nə diyirik.
Sözü deyib İsabalı ipi atdı quyuya. Bir suiçim saatda Koroğlunu quyudan çıxartdı. Durub özlərini verdilər tövləyə. Atlan çəkib mindilər. Koroğlu bir Dünya xanıma baxdı, bir İsabalıya baxdı, dedi:
- Dünya xanım, hazırlaş, səni də aparacağam. Sənin toyunu gərək özüm eləyəm.
Ondan Koroğlu qılınc çəkib dedi:
Misri qılınc, ləzgi qəmə,
Mən səni tər saxlamışam.
Dolaşma cübbə-cövşənə,
Düşmənə var saxlamışam!
... Koroğlu eylədi xəta,
İndi sən bax bu busata,
Canım qurban Ərəbata,
Oynar, kişnər saxlamışam!