- Neçə nəfərsiz?
Dünya xanım dedi:
- İki nəfər.
Koroğlu güldü, dedi:
- Xanım, iki yox, iyirmi nəfər də olsanız, sizin gücünüz mənə çatmaz. Məni burdan çıxara bilməzsiniz.
Dünya xanım dedi:
- Bəs nə təhər olsun? Mən istəmirəm ki, sənin kimi adam Bolu bəyin əlində puça çıxsın. Koroğlu dedi:
- Xanım, indi ki siz mənə kömək eləmək istəyirsiniz, onda gözdə-qulaqda olun, elə ki dəlilərdən mənim dalımca gəldi, yerimi nişan verin.
Dünya xanım dedi:
- Yaxşı, sənin yeməyin, içməyin nədi? Nə yollayım?
Koroğlu dedi:
- Xanım, yeddi qoyunun yarı şaqqası, yeddi batman unun çörəyi, yeddi batman düyünün aşı, yeddi tuluq şərab bir öyləmin xörəyidi. Gör düzəldə bilsən, göndər.
Dünya xanım dedi:
- Düzəldərəm. Lap gecəylə hazırlayıb səhərə yaxın göndərərəm. Sabah axşam da ki, genə özüm gələrəm.
Dünya xanım oradan evə gəlib qaravaşa pul verdi. Koroğlu üçün nə ki demişdi, qaravaş hazırlayıb Koroğluya apardı.
İndi eşit kimdən? İsabalıdan.
İsabalı Ərzincana çatanda səhər təzəcə açılırdı. Elə şəhəri gəzirdi, bir də gəlib çıxdı Bolu bəyin imarətinin qabağına. Dünya xanım da oturmuşdu pəncərədə, gözlərini dikmişdi yollara. Bir də baxdı ki, budu bir atlı gəlir, təhər-töhründən heç bu tərəfin adamlarına oxşamır. Rəng-rufundan görünür ki, dağ havasında böyümüş adamdır. Çağırıb soruşdu ki:
- Ay oğlan, kimsən? Haradan gəlib, haraya gedirsən?
Dünya xanımın cavabında aldı İsabalı, dedi:
Nə xan gördüm burda, nə də bir paşa,
Verin Koroğludan mənə bir xəbər!
Yağı düşmanları bağlaram daşa,
Verin Koroğludan mənə bir xəbər!
... Olan yoxdu mənim dərdimdən halı,
Heç başımdan getməz onun xəyalı,
Koroğluya qurban qoç İsabalı,
Verin Koroğludan mənə bir xəbər!
Söz tamam oldu. Dünya xanım dedi: