Qərəz, qaranlıq yavaş-yavaş başladı düşməyə. Elə ki hər yerdən səs-səmir kəsildi, Dünya xanım durdu ayağa. Pəncərəni açıb əyləşdi qabağında. Elə təzəcə oturmuşdu, bir də qulaqlarına bir səs gəldi. Huş-guş ilə fikir verib gördü ki, səs həyətdən gəlir. Kim isə elə yanıqlı-yanıqlı oxuyur ki... Özü də səs elə dərindən gəlir ki, elə bil lap quyunun dibindən çıxır. Çağırdı qaravaşı ki:
- Bu nə səsdi? Gecənin bu vaxtı bu oxuyan kimdi?
Qaravaş dedi:
- Koroğludu, xanım! Bolu bəy tutub gətirib salıb quyuya. Dünən də belə oxuyurdu.
Dünya xanım fikir verdi, gördü Koroğlu deyir:
Uca dağların başından
Yolum, ay mədəd, ay mədəd!..
Yaman yerdə tutdu məni
Ölüm, ay mədəd, ay mədəd!..
Belimdə yoxdu qılıncım,
Müxənnətə çatmır gücüm,
Nə yorğan var, nə də cecim,
Zülüm, ay mədəd, ay mədəd!..
Dünya xanım qaravaşdan yavaşca soruşdu:
- Məni gizlincə o quyunun başına apara bilərsənmi?
Qaravaşın sevincindən gözləri doldu, içini çəkə-çəkə dedi:
- Qurban olum sənə, ay xanım, elə apararam...
Dünya xanım qalxdı ayağa, qaravaşı da yanına alıb gəldi quyunun başına. Qaravaş tez Koroğlunu səsləyib dedi:
- Hasan paşanın qızı Dünya xanım gəlib. Səninlə danışmaq istəyir.
Koroğlu dedi:
- Xoş gəlib, səfa gətirib.
Dünya xanım dedi:
- Koroğlu, bu necə olub ki, sən qoç Koroğlu ola-ola, Bolu bəy kimi bir adama tutulubsan?
Bir ah Koroğlu quyuda çəkdi, bir ah da qaravaş quyunun başında.
Koroğlu dedi:
- Olacağa çarə yoxdu, xanım, bir işdi, oldu.
Bu sözdə qaravaş bir də içini çəkdi. Dünya xanım qaravaşa baxdı, qaravaşın qorxudan gözündəki yaş qurudu. Dünya xanım qaravaşın qorxduğunu görüb güldü. Qaravaş ürəkləndi. Dedi:
- Qurban olun sənə, ay xanım, gəlsənə bunu quyudan çıxardaq?
Koroğlu soruşdu: