Onda İsabalı yerindən qalxdı ki:
- Nigar xanım, rüsxət ver, mən gedim!
İsabalının getməyinə hamı razı oldu. İsabalı o saat geyindi, keçindi, atını yəhərlədi, mindi, dəlilərlə, xanımlarla görüşdü. Getmək istəyəndə Nigar xanım dedi:
- Qabaqcadan Ərzincana gedərsən. Orda olmasa, Toqata sürərsən. Orda da olmasa, gərək İstanbula gedəsən. Amma vaxtlı-vaxtında xəbərin bizə çatsın.
İsabalı:
- Baş üstə! - deyib atı vurdu. Ərzincana tərəfyol başladı. İndi İsabalı getməyində olsun, dəlilər hazırlaşmağında, sənə kimdən xəbər verim, Bolu bəydən.
Bolu bəy Koroğlunu birbaş gətirdi Ərzincana. Zindana, zirzəmiyə etibar eləməyib, öz həyətində dərin bir quyu var idi, saldı o quyuya. Həyətin dörd ətrafına da çitəmə keşikçi düzdürdü. Elə ki bu işləri görüb qurtardı, götürüb Hasan paşaya belə bir namə göndərdi: “Hasan paşa, Koroğlunu tutub gətirmişəm. Bu saat Ərzincandadı. Qaydası bu idi ki, gərək mən onu sənin yanına gətirəydim. Ancaq yanında küstaxlıq eləyirəm, bağışla! Mən istəyirəm ki, Dünya xanımı bir günlüyə Ərzincana göndərəsən, ta ki gəlib onu burada bir görsün, sonra hara desən, necə desən, nə vaxt desən, gətirmək mənim gözüm üstə”.
Hasan paşa naməni oxucaq məsələni başa düşdü. Bildi ki, Bolu bəy ona inanmır. İstəyir ki, bu yol ilə Dünya xanımı Ərzincana aparıb Koroğlunu sonra versin. Hirs vurdu təpəsinə. Bir istədi naməni cırsın, özü də belə bir fərman versin ki, “sabah gün çıxanda gərək Koroğlu Toqatda ola”. Sonra fikirləşdi: “Yaxşı, mən elə elərəm, o da götürüb yazar xotkara. Ondan sonra mən bir qızdan ötrü olaram
İndi Hasan paşa getməkdə olsun, bu tərəfdən Bolu bəyə xəbər çatdı ki, bəs Dünya xanım gəlir. Bolu bəy dəm-dəsgahla çıxdı Dünya xanımı pişvaz elədi, cahi-cəlal ilə gətirib öz imarətinə qoydu.
Dünya xanımın Bolu bəyi görəsi gözü yox idi. Elə ki eşitdi Bolu bəy onu almaq üçün Koroğlunun üstünə gedir, yaman sevindi. Fikirləşdi ki, çox yaxşı oldu. Qoy getsin. Bəlkə, Koroğlu bunu mənim başımdan rədd eləyə. Di sən gəl ki, iş vurdu, çıxdı tərsinə. Paşalara, xotkarlara qan udduran Koroğlu düşdü Bolu bəyə əsir. Dünya xanım qaldı mat-məəttəl ki, nə eləsin. Çox götür-qoydan, fikir-xəyaldan sonra ağlına gəldi ki, atasına yalvarıb-yaxarsın, bəlkə, rəhm eləyə. Bu tərəfdən də Hasan paşa hökm elədi ki, bəs hazırlaşsın, gedir Ərzincana. İndi özün fikirləş, gör, Dünya xanımın halı necə olar? Yazıq elə olmuşdu, elə olmuşdu ki, elə bil payız yarpağıdı, elə bir küləyə bənddi ki, qırılıb düşsün. Amma ki yazıq nə eləsin? İxtiyarı nəyə çatırdı ki, nə də eləyəydi...