Xoca Əziz o saat barmağını dişlədi ki:
- Ey dili-qafil, yəqin, burda bir sirr var.
Day dayanmayıb, karvanı tapşırdı yoldaşlarına, birbaş daban aldı Çənlibelə.
Xoca Əziz gəlib Çənlibelə gördü ki, dəlilərin heç bir şeydən xəbərləri yoxdu. Heç Koroğlunun harada olmağını da bilmirlər. Açıb əhvalatı necə ki görmüşdü, danışdı. Dəlilər qaldılar mat-məəttəl ki, bu necə olan işdi. Biri inandı, biri inanmadı, biri belə dedi, biri elə dedi, bilmədilər ki, nə eləsinlər. Dəlilər elə götür-qoyda idilər, bir də baxdılar ki, budu, Aşıq Cünun gəlir. Aşıq Cünunun elə birinci sözü bu oldu ki:
- Hanı Koroğlu?
Əhvalatı necə ki Xoca Əziz danışmışdı, ona dedilər. Aşıq Cünun əhvalatdan hali olan kimi iki əllərini dizinə vurub dedi:
- Koroğlu getdi!
Soruşdular:
- Axır bir de görək nə var? Hardan gəlirsən? Nə öyrənmisən?
Aşıq Cünun dedi:
- Eşidin, agah olun! Mən bu ayaq Toqatdan gəlirəm. Paşalar Çənlibelə qoşun çəkirlər. Bolu bəy Ərzincan tərəfdən, Ərəb Reyhan Qars tərəfdən, Hasan paşa özü də Toqat tərəfdən. Xotkarın fərmanıdı. Mən dünən Toqatda eşitdim ki, Bolu bəyin qoşunu Çənlibelə yola düşüb.
Dəlilərin içinə bir vəlvələ düşdü ki, hamısı başladı cilov gəmirməyə. Dəli Həsən hay vurdu Dəli Mehtərə ki:
- Atı yəhərlə! Gərək Bolu bəyə bir toy tutam ki, qiyamətdə də yadından çıxmasın.
Dəlilər başladılar hazırlaşmağa. Nigar durdu ayağa, dedi:
-Yox, Dəli Həsən! Bu saat Çənlibeli başsız qoyub getmək olmaz. Bir də ki getdiz, hara gedəcəksiniz?! Nə bilirik ki, Bolu bəy Koroğlunu Ərzincana aparacaq, ya elə birbaş İstanbula aparacaq?! Gedərsiz, səfəriniz uzun çəkər, düşmən Çənlibelə ayaq alar.
Dəli Həsən dedi:
- Bəs nə eləyək?
Nigar xanım dedi:
- Koroğlunun dalıncan qabaqcan bir adam getməlidi. Uşaqlardan biri gedər, yerini, yurdunu öyrənər, gələr, sonra baxarıq, görək nə eləyirik.
Nigar xanımın tədbirinə hamı razı oldu. Soruşdular:
- Bəs kim getsin?
Dəmirçioğlu durdu ayağa ki:
- Mən, mən gedirəm.
Nigar xanım ona razı olmadı. Dedi:
- Yox, Dəmirçioğlu! Sən gedə bilməzsən. Eşitdin ki?.. Bizim üstümüzə iki tərəfdən düşmən gəlir. Bir Qars tərəfdən, bir Toqat tərəfdən. Qars budu, bizim bu tərəfimizdi. Amma Toqat hardadı? Bu biri tərəfimizdə. Gərək biz də dəliləri iki yerə bölək. Birinə sən baxasan, birinə də Dəli Həsən. Qoy ayrı adam getsin.