Bolu bəy baxdı ki, daha Çənlibel sərhədindən çıxhaçıxdadılar.
Dedi:
- Baş üstə, sən necə ki deyirsən, eləcə edərəm. Ancaq mən bir şey də eləmək istəyirəm.
Koroğlu soruşdu:
- Nə şey?
Bolu bəy dedi:
- Mən səni belə aparsam, heç kəs inanmayacaq ki, səni mən tutmuşam. Genə Qəcər Alı sağ olsaydı, fikirləşərdilər ki, yəqin, o tutub. Onu da ki vurub öldürdün. İndi bilirsən, mən nə eləmək istəyirəm?
- Nə eləmək istəyirsən?
Bolu bəy qanrılıb bir dala baxdı, ondan atının başını döndərib Koroğluya dedi:
- Sən atını sür, mən qoşuna baxım, qayıdıb deyərəm.
Bunu deyib Bolu bəy ata bir məhmiz göstərdi, geri döndü. Bolu bəy elə bir az ondan aralancaq atı təzədən döndərdi. Koroğlunu marıtlayıb atı dördəmə buraxdı. İldırım kimi Koroğluya çatanda nə gücü var, təpəsindən bir qılınc vurdu. Dedi:
- Bax belə eləmək istəyirəm, Koroğlu!
Ola qılınc, ola açıq baş. Qılınc neçə barmaq işlədi Koroğlunun başına. Üz-gözü qana boyandı. Dedi:
- Ay namərd! Niyə belə elədin?
Bolu bəy dedi:
- Elə elədim ki, inansınlar. İndi inanarlar. Mən gəlmişdim sənin ya başını aparam, ya leşini. İndi başını da aparıram, leşini də. Sən Koroğlusansa, mənə də Bolu bəy deyərlər.
Koroğlu elə bircə bunu dedi ki:
- Günah səndə deyil, məndədi. Mənə bu da azdı.
Koroğlunun başını da bağlamadılar. Elə qanı axa-axa düzəldilər yola. Koroğlunun əli hər yerdən üzüldü.
Bir az getmişdilər, qabaqdan bir karvan çıxdı. Koroğlu baxdı ki, dostu Xoca Əziz də bəzirganların içindədi. Üzün ona tutub dedi:
Pünhanı, sövdayar qardaş,
Aparırlar pünhan məni.
Ərənlərə qurban bu baş,
Aparırlar pünhan məni.
... Koroğluyam, tək qalmışam,
Qollarımı bağlatmışam,
Bolu bəyə qul olmuşam,
Aparırlar pünhan məni.
Xoca Əziz əvvəl elə bildi kı, Koroğlu deyir aparırlar pirə məni. Fikirləşdi ki, yəqin, Koroğlu dəli olub, dəlilər onu pirə aparırlar. Ürəyində çox vaysındı. Çox hayıfsılandı. Sonra baxdı ki, Koroğlunun başı yarılıb. Qolları bağlanıb. Dalınca böyük bir qoşun gedir, qabaqlarında da Bolu bəy.