... Koroğluyam, iş bitirrəm,
Səni dünyadan itirrəm,
Başın bədəndən götürrəm,
Bolu, mən sənin, mən sənin!
Söz tamama yetdi. Koroğlu Bolu bəyin sinəsindən qalxdı, dedi:
- İndi mən sənin ixtiyarındayam. Hara istəyirsən, necə istəyirsən, apar!
Bolu bəy ufuldaya-ufuldaya yerindən durub dedi:
- Rəhmətliyin oğlu, sən bizdə bir islahat qoydun ki, bizim ağlımız başımızda olsun, səni də aparmaq fikrinə düşək?
Koroğlu gülüb dedi:
- Eybi yoxdu. İnşallah, elə ki məni aparıb Hasan paşaya verdin, Dünya xanımı aldın, toyda hamısı yadından çıxar. Di atlanın, gedək!
Bolu bəy bir o yanına baxdı, bir bu yanına baxdı, dedi:
- Yox, qardaş, mən səni heç yerə aparası deyiləm.
Koroğlu dedi:
- Niyə?
Bolu bəy dedi:
- Göz gördüyündən qorxar. Mən səndə gördüyümü gördüm. Keyfın istədi, bir belə zarafat da yolda elədin. Səninlə sövda eləmək çətin işdi.
Koroğlu gülüb dedi:
- Qorxma! Heç bir şey eləmərəm.
Bolu bəy dedi:
- Yox, başına dönüm! Allah atana rəhmət eləsin. Mən nə Hasan paşanın qızını istəyirəm, nə də səninlə belə-belə zarafatlar eləmək istəyirəm.
Koroğlu dedi:
- Ayə, mən Koroğluyam. Koroğlu söz verməz. Verdi, müxənnətlik eləməz. İndi ki ehtiyat eləyirsən, budu, gəl bağla qollarımı, elə apar.
Bolu bəyin də elə azan bu idi. Tez adamlarına göz elədi ki, day fürsətdi, dayanmasınlar. Bir möhkəm zəncirlə o saat Koroğlunun qollarını bağladılar dalına. Sonra bir-iki kəndirlə də sandılar ata. Bolu bəy işi hazır görəndə hökm elədi, qoşun atlandı. Koroğlunu qabaqlarına salıb Ərzincana yol başladılar.
Az getdilər, çox getdilər, yolun bir yerində Koroğlu geri qanrılıb Bolu bəyi çağırdı ki:
- Bolu bəy, amma yadında qalsın, qızı almamış məni Hasan paşaya vermə ha!..
Bolu bəy soruşdu:
- Niyə?
Koroğlu dedi:
- O işi ki mən onun başına gətirəcəyəm, ondan sonra o sənə qız verməz. Sən qabaqca qızı gətizdir Ərzincana, sonra məni onun əlinə ver!