Bolu bəygil bir də baxdılar ki, budu, Koroğlu gəlir. Gəlir, amma nə gəlir? Elə bil ki bir dənə əjdahadı minib bir filə. Bolu bəyin qoşununun yarısı elə onun bu heybətindən qorxub ürək ağrısına düşdü.
Koroğlu gəlib çatdı. Üzün Bolu bəyə tutub dedi:
- Bolu bəy, mən vədimə doğru çıxıb gəldim. Ancaq sən bayaq məni tutmuşdun. Birdən elə fikir eləyərsən ki, elə məni, doğrudan da, tutub apara bilərsən. Odu ki sənlə bir şərtim var. İndi gərək səninlə bir savaşam. Sən mənim gücümü görəsən, mən sənin.
Bunu deyib Koroğlu Qıratı gətirdi cövlana. Bir o başa, bir bu başa sürüb dik Bolu bəyin qabağında saxladı, dedi:
Əli beldə durub əmr eləyərdin,
Koroğlunu tutan dəmlər necoldu?
Hərdən-hərdən asın-kəsin deyərdin,
Koroğlunu tutan dəmlər necoldu?
...Koroğluyam, müxənnətə uymaram,
Qisasımı qiyamətə qoymaram,
Düşmanın qanından içsəm, doymaram,
Koroğlunu tutan dəmlər necoldu?
Bolu bəy hiylə niqabın üzünə çəkib dedi:
- Ay Koroğlu, o necə deyərlər, qul xətasız olmaz, ağa kərəmsiz. Mərd basdığını kəsməz. İndi bir iş idi, olmuşdu. Necə ki sən istəyirsən, de, elə də eləyək.
Koroğlu dedi:
-Yox. Qoşununa de, dava başlasın. Yoxsa hamınızı qıracağam.
Bunu deyib Koroğlu Misri qılıncı çəkdi. Qoşun böyükləri gördülər, yox, Koroğlu doğru-doğru dava başlayır. Qoşuna hay vurdular. Hər tərəfdən töküldülər Koroğlunun üstünə. Koroğlu bir dəli nərə çəkib özünü vurdu qoşuna. Bir sağa vurdu, bir sola vurdu. Qoşunu qatım-qatım qatladı. Qoşun şahin görmüş toyuq-cücə kimi pərən-pərən düşdü. “Vay, ana!” deyən kim, ağlayan kim, yalvaran kim. Bir qiyamət qopdu ki, nə təhər.
Bolu bəy gördü ki, qoşun əldən gedir. Qəcər Alıya hay vurdu ki:
- Evin yıxılsın, bəs mən səni bura niyə gətirmişəm? Qoşun əldən getdi axı...
Qəcər Alı çar-naçar qılıncını çəkib girdi meydana. Koroğlu heç aman vermədi ki, Qəcər Alı bir əl-qol açsın. Hələ lap uzaqdan şeşpəri qaldırdı. Elə tulladı ki, Qəcər Alı təpəsi üstə gəldi yerə. Bu il ölübsən, bildir, Qəcər Alı bayaq ha cəhənnəmə vasil oldu. Bolu bəy işi belə görəndə baxdı ki, day ayrı bir əlacı yoxdu, özünü atdı Koroğlunun ayaqlarına.
Koroğlu qızılquş kimi özünü atdan yerə atıb çökdü Bolu bəyin sinəsinə, dedi:
Qollarını bağladaram,
Bolu, mən sənin, mən sənin.
Anacığın ağladaram,
Bolu, mən sənin, mən sənin.