Qərəz, əmr elədi, Koroğlunun əllərini açdılar. Koroğlu durub getmək istəyəndə Bolu bəy dedi:
- Deyirlər, qoç Koroğlu çox igiddi. Heç zaddan qorxmaz. Heç zadı da gizlətməz. İndi olan oldu, keçən keçdi. Görürsən ki, bax əllərin də açıqdı. İndi mərdi-mərdana özün de görək, sən Koroğlusan, ya yox?
Koroğlu gülüb dedi:
- İndi ki sən mərdi-mərdana soruşursan, mən də mərdi-mərdana sənə cavab verəcəyəm. Bəli, Koroğluyam.
Bolu bəy istədi qalxıb qoşuna hay vursun, Koroğlu dedi:
- Dayan! Nahaq yerə zəhmət çəkmə! Day sən məni tuta bilməzsən. Ancaq de görüm, sən kimsən? Buraya niyə gəlmisən?
Bolu bəy hiylə niqabın üzünə çəkib dedi:
- Koroğlu, bil və agah ol! Mən ərzincanlı Bolu bəyəm. Hasan paşa məni göndərib ki, səni tutub aparam, əvəzində onun qızı Dünya xanımı alam.
Koroğlu güldü, dedi:
- Balam, bu Hasan paşa mənim yolumda qızlarını nə yaman hərrac-bazara qoyub satır? İndi ki belədi, qoy olsun. Mənim ucbatımdan onun bir qızı Həmzəyə gedib, qoy bu biri də sənə getsin. Görək indi evdə qalan arvad-uşağını kimə vəd verib, mənim dalımca göndərəcək.
Onda Bolu bəyə dedi:
- Mən Koroğluyam. Bir sözü ki dedim, ölüm də olsa, ondan dönmərəm. İndi ki sən Hasan paşanın qızını almaq istəyirsən, o da qızın əvəzində səndən məni istəyir, eybi yoxdu. Mən razıyam. Qoy gedim, yaraq-yasağımı götürüm, gəlim. Apar məni Hasan paşaya təhvil ver, qızını al! Sonrası ilə işin yoxdu.
Bunu deyib Koroğlu döndü, Çənlibelə yol başladı. Qoşun böyükləri hamısı ağız-ağıza verib Bolu bəyi məzəmmət elədilər ki:
- Nahaq yerə onu əldən buraxdın. Bu saat dəliləri töküb hamımızı qırıbçatacaq.
Mehtər Murtuz dedi:
- Yox. Düzdü, Koroğlu çox fənd-fel adamdı. Amma hər nədisə, mərddi. Onda namərdlik olmaz. Necə ki deyib, elə də eləyəcək.
Bolu bəy dedi:
- Mən bilirəm, o gələcək. Qoy gəlsin. Sonrası ilə sizin işiniz yoxdu. O, Koroğludursa, mən də Bolu bəyəm.
Bu tərəfdən də Koroğlu özünü yetirdi Çənlibelə. Koroğlu bilirdi ki, əhvalatı dəlilərə, xanımlara danışsa, onu qoymayacaqlar getsin. Odu ki heç kəsə bir söz deməyib gizlincə geyindi. Yaraqlarını götürdü. Ata minib geri qayıtdı.