Koroğlu elə dediyini dedi. Yaxında bir göl var idi. Bolu bəy hökm elədi ki, onu əliqolu bağlı saldılar suya. Az qaldı ki, boğulsun. Yenə də boynuna almadı. Başına nə iş gətirdilərsə, elə dedi, qoruqçuyam ki qoruqçuyam.
Axırda Bolu bəy də inandı ki, bu, Koroğlu deyil, qoruqçudu. İstədi ki, qollarını açdırıb buraxa. Mehtər Murtuz başladı özünü yeyib-tökməyə ki:
- Evin yıxılsın, hara buraxırsan onu?! Yalan deyir, Koroğludur.
Onda Bolu bəy üzünü ona tutub dedi:
- Sən gəl öz xoşluğunla Koroğlu olduğunu boynuna al! Yoxsa birdi, öldürtdürəcəyəm.
İş belə olanda Koroğlu aldı, onun cavabını dedi:
Nahaq yerə gəl eyləmə yamanlıq,
İnan, Bolu, mən Koroğlu deyiləm.
İnnən belə yaxşılığın günüdü,
İnan, Bolu, mən Koroğlu deyiləm.
Koroğlu bir igid, əsli-zatı var,
Həm namusu, arı, həm qeyrəti var,
Dəmir cilov altda Ərəb atı var,
İnan, Bolu, mən Koroğlu deyiləm.
Sonra Mehtər Murtuza dönüb, aldı sözün o biri xanəsini, dedi:
Koroğlu deyiləm, yırtma yaxanı,
Ciyərimi eşq oduna yaxanı,
İyidin olmazmı qılınc-qalxanı?!
İnan, Bolu, mən Koroğlu deyiləm.
Söz Bolu bəyə əsər elədi. Döndü Mehtər Murtuza kı:
- Sən bizi aldadırmışsan. Bu, Koroğlu deyilmiş.
Mehtər Murtuz dedi:
- Bolu bəy, mən illərlə buna mehtərlik eləmişəm. Mən bunun dabbaxda gönünü görsəm, tanıyaram. Necə yəni qoruqçudu. Koroğludu, lap bir də üstündən.
Bolu bəy qaldı məəttəl ki, nə eləsin. Məsləhət-məşvərətdən sonra qoşun böyükləri hamısı dedi:
- Biz heç birimiz Koroğlunu tanımırıq. Bircə tanıyan bu kişidi ki, bu da belə deyir. Day biz öz adamımızı qoyub onun sözünə niyə inanırıq? Götürüb gedək, vəssalam.
Bolu bəy hökm elədi, qoşun başladı hazırlaşmağa. Koroğlu gördü yox, bunu aparırlar, dedi: