- Bolu bəy, mən bu yerləri tanıyıram. Bundan o yana Çənlibeldi. İndi biz gərək burda düşüb səhəri gözləyək. Koroğlunun fənd-felindən baş açmaq olmaz. Gecə vaxtı qoşunu aparıb tələyə salarıq.
Bolu bəy Mehtər Murtuzun fikrini bəyəndi. Hökm elədi, qoşun düşüb düşərgə saldı. Özü də Qəcər Alını, Mehtər Murtuzu, bir də say-seçmə sərkərdələrini götürdü ki, ətrafı gəzib bələdləsin.
Bunlar burada öz işlərində olsunlar, bu tərəfdən də səhər tezdən Koroğlu çölə çıxmışdı, dolana-dolana gəlib çıxdı Ağ qayaya. Bir də baxdı, Çənlibelin anrı ətəyində o qədər at var, adam var ki, elə bil qarğa-quzğundu. Day geri qayıdıb dəlilərə xəbər eləməyə ərindi, elə ordan birbaş yüyürdü. Koroğlu qəsdən təpələrin dalı ilə gəlirdi ki, gözə görünməsin. Sən demə, Bolu bəygil də bu dəmdə elə buraları gözdən keçirirmişlər. Birdən Koroğlu ilə Bolu bəy çıxdılar üz-üzə. İş elə oldu ki, nə Koroğlu çəkilib gizlənə bildi, nə də ki Bolu bəy. Bolu bəy ondan soruşdu:
- De görüm, kimsən?
Koroğlu özünü cəmləşdirib dedi:
- Qoruqçuyam.
Bolu bəy bir onun bazburutuna baxdı, bir boy-buxununa baxdı, dedi:
- Kimin qoruqçususan?
Koroğlu dedi:
- Çənlibel qoruqçusuyam.
Bolu bəy sevindi ki, yaxşı oldu. Bundan əhvalpürsan olub Çənlibeldən bir az
xəbər tutaram. Dedi:
- Ayə, de görüm, Koroğlu bu saat haradadı?
Koroğlu dedi:
- Dünən axşam Çənlibeldə idi. Əgər gecə bir yerə getməyibsə, Çənlibeldədi.
Elə bu sözdə daldan Mehtər Murtuz gəlib yetişdi.
Mehtər Murtuz Koroğlunu görcək tanıdı. Özünü Koroğluya göstərməyib yavaşca keçdi onun dalı qatına. Ordan Bolu bəyə göz vurdu ki, evin yıxılsın, yalan deyir, qoruqçu-zad deyil, Koroğlu özüdü.
Bolu bəy birdən hay vurdu, adamlar tökülüb Koroğlunu tutdular, əllərini, qollarını möhkəm bağladılar. Koroğlu belə baxanda Mehtər Murtuzu tanıdı. Bildi ki, onu satan Mehtər Murtuzdu.
Koroğlu baxdı ki, əgər burada Koroğlu olduğunu boynuna alsa, dinməz-söyləməz onu öldürəcəklər. Çənlibel uzaq, dəlilər işdən xəbərsiz, düşmən çox, özü də nə yaraq-yasağı var, nə də atı. Bir də deyirlər, Koroğlunun belə bir xasiyyəti də vardı ki, düşmən əlinə keçəndə Koroğlu olduğunu heç boynuna almazdı. Deyərdi ki, düşmən məni tutulmuş bilsə, Çənlibelə ayaq alar. Odu ki Bolu bəy hər nə qədər elədisə, Koroğlu olduğunu boynuna almadı. Elə “qoruqçuyam” dedi ki, dedi. Bolu bəy hökm elədi, başladılar Koroğlunu döyməyə. Yenə də bir kar çıxmadı.