“Koroğlu” dastanından
(ixtisarla)
Koroğlunun Ələmqulu xanla dostluq binası qoymağı bütün aləmə yayıldı. Bu xəbər gəlib axırda Toqatda Hasan paşaya çatdı. Hasan paşa düşdü fikir-xəyala ki, nə təhər eləsin. Əgər xanlar, paşalar bir-bir başlayıb Koroğlu ilə dostluq binası qoysalar, day heç dünyada ona batmaq olmaz. Odu ki başladı qoşun böyüklərini tələsdirməyə. Əvvəl-əvvəl bir qasid Bolu bəyə, bir qasid də Ərəb Reyhana göndərib ikisini də çağırtdırdı yanına. Elə ki ikisi də gəldi, Hasan paşa onlarla aranı xəlvət elədi, başladılar tədbirə. Di yazdılar, pozdular, götürdülər, qoydular, axırda bu tədbirə gəldilər ki, Bolu bəy öz qoşunu ilə Ərzincandan, Ərəb Reyhan öz qoşunu ilə Qarsdan, Hasan paşa özü də Toqatdan yeriş eləsinlər. Elə ki məclis qurtardı, Hasan paşa Toqatda qaldı, Ərəb Reyhan qoşunu da götürüb Qarsa tərəf yollandı. Bolu bəy də Ərzincana, öz qoşununun yanına qayıtdı.
İndi gəl sənə deyim paşaların məkrindən.
Özü də bu paşalar çoxbilmiş, hiyləgər adamdılar. Bir-birinə bac-xərac verən deyildilər. O ki Hasan paşa idi, istəyirdi ki, Ərəb Reyhanla Bolu bəyi qızışdırıb göndərsin Koroğlunun üstünə, özü lap axırda getsin. Tədarükünü də elə başlamışdı. O ki Ərəb Reyhandı, istəyirdi, birtəhər olsun ki, bunlardan biri Koroğlunun başını qatsın, özü sonra işə başlasın. O ki Bolu bəy idi, o da istəyirdi ki, hamıdan qabaq özü gedib işi də təkbaşına görsün ki, o biri paşaların adı çıxmasın. Odu ki Hasan paşanın məclisindən mürəxxəs olub Ərzincana çatcaq dayanmayıb başladı yol tədarükü görməyə. Di bir gün, iki gün... Elə ki hər şey hazır oldu, qoşunu götürüb Çənlibelə tərəf yola düşdü. Heç yerdə dayanmayıb, dincəlməyib gecə-gündüz at sürdü, gecələrin birində özünü çatdırdı Çənlibelin ətəklərinə. Mehtər Murtuz bu yerləri görcək tanıdı. Bolu bəyin yanına gəlib dedi: