Bu dövrün ən mühüm hadisələrindən biri ana dilində ədəbiyyatın güclənməsi və geniş yayılmasıdır. XIII əsrin birinci yarısında yaşayıb-yaradan İzzəddin Həsənoğlunun əsərləri ana dilimizdə bizə çatan ilk nümunələrdir. Lakin bu nümunələrin yüksək bədii keyfiyyəti onlardan çox-çox əvvəl ana dilimizdə əsərlərin yazıldığını deməyə əsas verir. Aydındır ki, ədəbi təcrübə, ənənə olmasa idi, bu cür kamil əsərlər meydana gələ bilməzdi. Yenə həmin əsrdə yaranmış “Dastani-Əhməd Hərami” poeması ana dilimizdə yazılmış ilk epik əsər kimi qiymətlidir.
Bu dövrdə Q.Bürhanəddin (XIV əsr), İ.Nəsimi (XIV əsr), N.Kişvəri (XV əsr), Həbibi (XV-XVI əsrlər), Ş.İ.Xətayi (XVI əsr), M.Füzuli (XVI əsr) kimi görkəmli sənətkarlar ana dilində - doğma türkcəmizdə ölməz sənət əsərləri yaratdılar.
Həmin dövrdə yaranmış ədəbiyyatda insan, onun mənəvi azadlığı, saf, səmimi hissləri, şərə, zülmə nifrəti geniş əksini tapmışdır. Ölkənin vaxtaşırı müharibə meydanına çevrilməsi, insanların məhv edilməsi, vətənlərindən didərgin salınması ədəbiyyatda humanist ideyaların güclənməsinə səbəb olmuşdur. Sufizm, hürufilik təriqətlərinin geniş yayılmasının bir səbəbi də məhz bununla bağlı idi.
Bu dövrdə yazılı ədəbiyyatla yanaşı, şifahi ədəbiyyatın inkişafında da irəliləyiş nəzərə çarpırdı. Aşıq Qurbaninin müxtəlif mövzularda olan qoşma və gəraylıları dərin məzmununa, yüksək bədii keyfiyyətinə görə bu gün də oxucuları valeh edir.