Bütün bəylərlə yoldaş olub getdilər. Gedib Düzmürd qalasına çatdılar. Dairə şəklində dayandılar. Elə ki kafirlər bunları gördü, Arşın oğlu Dirək təkura xəbər verdilər. O lənətə gəlmiş də qaladan çıxıb bunlara qarşı gəldi və özünə tay döyüşçü istədi. Qıyan Səlcik oğlu Dəli Dondaz durub gəldi. Altmış tutamlıq sür nizəsini qoltuğuna qısıb: “O kafiri qabaq tərəfdən vurum”, - deyə fikirləşdi, vura bilmədi. Kafir təkur onu qarmalayıb, zərbə vurdu. Süngüsünü çəkib əlindən aldı. O, altmış batmanlıq gürz ilə Dondazı bərk vurdu. Gen dünya Dondazın başına daraldı. Qazlıq atını döndərdi, qayıdıb gəldi.
Bundan sonra Dönəbilməz Tüləkvuran at üstündə altı pərli çomağı ilə hücum edib, kafiri yuxandan aşağı möhkəm vurdu, yıxa bilmədi. Təkur onun da çomağını qarmalayıb aldı. Onu da gürzlə vurdu. O da Qazlıq atını döndərib qayıtdı. Xanım, iyirmi dörd vilayətin bəyi təkurun əlində məğlub oldu.
Sonra cavan, təzəcə igid olan Qazılıq qoca oğlu Yeynək Allaha sığındı. Qüdrətli Allahı təriflədi:
Ucalardan ucasan,
Kimsə bilməz necəsən, əziz Tanrı!
Anadan doğulmadın, sən atadan olmadın.
Heç kimin malını yemədin,
Kimsəyə güc etmədin.
Hər yerdə əhədsən, Allahü səmədsən!
Həmin dəmdə atını irəli sürdü. Yel kimi yetişdi, yeləm kimi yapışdı. Kafirin çiyninə bir qılınc vurdu. Geyim-kecimini doğradı. Altı barmaq dərinliyində yara vurdu. Qara qanı şoruldayıb axdı. Qara inək gönündən tikilmiş çəkmələri qanla doldu. Qara başı dumanlandı, fırlandı. Dərhal döndü, qalaya qaçdı. Yeynək arxasından çatdı. Hasar qapısından girən yerdə böyük, iti polad qılıncını ənsəsinə elə vurdu ki, başı top kimi yerə düşdü.
Qazılıq qocanı dustaqlıqdan çıxartdılar. Yeynək atası ilə görüşdü. Ondan sonra qalan bəylər görüşdülər. Bəylər bir anda hasara hücum etdilər, düşmən malını çalıb-çapdılar.
Yeynək və atası bir-birinə həsrət qaldıqları üçün xeyli qucaqlaşıb öpüşdülər. Allaha çox şükür etdilər. Qalanın kilsəsini yıxıb yerində məscid tikdilər. Əziz Tanrı adına xütbə oxutdular. Şahinlərin ən yaxşısını, qumaşın gözəlini, doqquz cərgə zər naxışlı çuxanı Bayındır xana hədiyyə ayırdılar. Qalan şeyləri döyüşçü igidlərə bağışladılar. Dönüb evlərinə gəldilər.
Dədəm Qorqud gəlib boy boyladı, soy soyladı. “Bu oğuznamə Yeynəyin olsun!” - dedi. Xeyir-dua verək, xanım:
Yerli uca dağların yıxılmasın!
Kölgəlik iri ağacın kəsilməsin!
Ağ saqqallı atanın yeri cənnət olsun!
Ağ birçəkli ananın yeri cənnət olsun!
Axır gündə Allah sizi pak imandan ayırmasın!
Ağ alnın önündə beş kəlmə dua etdik, qəbul olunsun!
Günahınızı adı gözəl Məhəmməd Mustafa üzü suyuna bağışlasın,
xanım, hey!!!