QİYMƏTLƏNDİRMƏ MATERİALI
(“Kitabi-Dədə Qorqud” dastanından)
(ixtisarla)
Bayındır xan yerindən durmuşdu, qara yerin üzərində uca evini tikdirmişdi. Böyük alaçığı göy üzünə dirənmişdi. Min yerdə ipək xalça döşənmişdi. İç Oğuz və Daş Oğuz bəyləri məclisə toplaşmışdı. Yemək-içmək idi.
Qazılıq qoca deyilən bir kişi var idi. Bayındır xanın vəziri idi. Bayındır xandan yürüş üçün izin istədi. Xan icazə verdi: “Haraya istəyirsən, get!” - dedi.
Qazılıq qoca etibarlı qocaları yanına cəmlədi. Yataq-yarağı ilə yola düşdü. Çox dağlar, dərə-təpələr aşdı, keçdi. Günlərin bir günü Düzmürd qalasına gəldi. O qalanın bir təkuru vardı. Adına Arşın oğlu Dirək təkur deyərdilər. O kafirin altmış arşın qaməti vardı. Altmış batmanlıq gürz atardı. Ən möhkəm yayı da çəkərdi...
Qazılıq qoca oraya çatan kimi döyüşə başladı. O təkur qaladan bayıra çıxdı. Meydana girdi, özünə tay igid istədi. Qazılıq qoca onu görən kimi yel kimi yetişdi, yeləm kimi yapışdı. Kafirin ənsəsinə bir qılınc vurdu. Zərrə qədər kəsə bilmədi. Növbə kafirə çatdı. O, altmış batmanlıq gürzlə Qazılıq qocanı vurdu. Boş dünya başına dar oldu. Qanı düdük kimi şoruldadı. Qazılıq qocanı qarmalayıb qalaya saldılar. İgidlər durmayıb qaçdılar.
Qazılıq qoca düz on altı il qalada dustaq oldu. Sonralar Əmən deyilən bir kişi altı dəfə getdi, həmin qalanı ala bilmədi.
Sən demə, Qazılıq qoca dustaq düşən vaxt bir yaşında oğlu varmış. On beş yaşına girdi, igid oldu. Atasını ölmüş bilirdi. Atasının dustaq olduğunu oğlandan gizlədirdilər. Həmin oğlanın adına Yeynək deyərdilər. Günlərin bir günü Yeynək oturub bəylərlə söhbət edərkən Qaragünə oğlu Budaqla sözü düz gəlmədi. Bir-birinə söz atdılar. Budaq dedi: “Burada boş-boş danışıb neyləyirsən? Dalaşmağa adam axtarırsansa, gedib atanı qurtarsana! Bəs niyə on altı ildir, dustaqdır?”
Yeynək bu xəbəri eşidəndə ürəyi oynadı, qara bağrı sarsıldı. Bayındır xanın hüzuruna getdi. Üzünü yerə qoydu, dedi:
Səhər çağı sərt yerdə tikilən hündür evli!
Atlazdan yapılmış göy alaçıqlı!
Tövlə-tövlə çəkilən şahanə atlı!
Çağıranda hay verən, yolu çavuşlu!
Süfrəsindən yağ tökülən, bol nemətli!
Bütün igidlərin arxası,
Yoxsulların ümidi!
... Dövlətli xan, mənə kömək!
Qoşun ver, məni atamın dustaq olduğu qalaya göndər!
Sayılmaqla oğuz igidləri tükənməz. Bayındır xan iyirmi dörd vilayətin pəhləvan bəylərini Yeynəyə yoldaş etdi. Bəylər yığışıb hazırlıq gördülər...