“Ey padşah, bu həqarət sığarmı yerə, göyə?
Darğanın sərxoşluğu olmuş bu işə maya,
Bəs niyə mən yazığı salır qısma-boğmaya?
Vilayəti soyarkən padşahın adamları,
Cinayətkar olarmı bunda məgər bir qarı?
Bu zülmə əl atarkən darğa xalq görə-görə
Mənim ismətim, sənin ədlin salınmış yerə.
Bu yaralı sinəmdən bir də axıtdılar qan,
Özümü itirmişəm, qalmamışdır məndə can.
Ey şah! Dada çatmasan, olurkən qəlbim kabab,
Qiyamətin günündə çəkilər səndən hesab.
Ah, səndə nə ədalət, nə mərhəmət görürəm,
Mən səndə sonsuz zülüm və əziyyət görürəm.
Rəiyyətə hər zaman kömək etməli padşah,
Səndən xarlıqdır gələn bizə, ol bundan agah.
Bir hünər deyil almaq yetimlərin malını,
Buna mərdlik deməzlər, düşün işin dalını.
Çapdırıb qanları, qırdırma gəl acından,
Onların gəl utan bir qar kimi ağ saçından.
Sən bir qulkən edirsən padşahlıq iddiası;
Azğınsan, şah deyilsən, sənsən doğuran yası.
Padşah öz ölkəsini görmək istəsə abad,
Etsin rəiyyətini gərək məsud, gərək şad.
Ta ki hamı hökmünə etsin hörmət, əysin baş,
Könüllər onu bilsin özünə bir dost, sirdaş.
İşlərinlə aləmi alt-üst eyləmisən sən,
Söylə bir, özlüyündə nə hünər göstərmisən?
Bir zamanlar türklərin çox yüksəkdi dövləti,
Bəyənildi hər yanda ölkəsi, ədaləti.
Zalımlığın bəllidir, işin-peşən talandır,
Sən ki hindli quldursan, türk olmağın yalandır.
Dağıldı şəhərlinin evi sənin əlinlə,
Əkinçinin xırmanı dənsiz qaldı səninlə.
Ölümün dəhşətindən qorxub bir hesab apar,
Növbə sənə də çatar, əlini eylə hasar.
Ədalət çırağındır yolunda, olma naşı,
Bu günündür sabahın ən mehriban yoldaşı.
Qanları sözünlə şad et, sevdir özünü,
Sən bu qoca qarının unutma gəl sözünü.
Çəkin, çarəsizlərin dağıtma var-yoxunu,
Bəlkə, o qəmlilərin yeməyəsən oxunu.
Sən ki hər bir bucağa ox atırsan bu qədər,
Açların qarğışından, söylə, qafilsən məgər?