III dərs
- Tətbiq
- Müzakirə
- Yaradıcı iş
-
Aşağıdakı nümunələrlə tanış olun, sonra parta yoldaşınızla birlikdə hər birinin mənasını
aydınlaşdırmağa çalışın.
-
Səadət kamalla yetişir başa,
Xalqa hörmət elə, ədəblə yaşa.
Başına əfsanə düşdüyü zaman,
Allah qorxusunu unutma bir an.
Öz adına layiq işlər gör ki sən,
Axırda utanma xəcalətindən
(N.Gəncəvi)
-
İttifaq eylə dost ilə hər an,
İttifaq ilə əmr olur asan.
Dəhrdə etmə iftiraqə həvəs,
İttifaq ilə kəslər olmuş kəs.
(S.Ə.Şİrvani)
-
İnsanın şərəfi, bəzəyi, məncə,
Deyildir nə ipək, nə tirmə, oğlum!
Yaxşıdan yaxşı ol ellər içində,
Dostuna bir ziyan yetirmə, oğlum!
(S.Rüstəm)
-
Hər işin güntək aydın,
Ürəyin təmiz olsun.
Acı-şirin haqqı de,
Acı olsun, düz olsun.
(F.Qoca)
- Qənaətləriniz yaxın olan yoldaşlannızla birləşib kiçik qruplar yaradın və
fikirlərinizi
dəqiqləşdirin. Nümunələrdə ifadə olunmuş fikirlərlə “Gənclərə nəsihət” əsərindəki fikirlərin
oxşar və fərqli cəhətlərini müəyyənləşdirib təqdimatlar əsasında müzakirə edin.
-
Mövzulardan birini seçib işləyin.
-
“Dostumda hansı cəhətlərin olmasını vacib sayıram?” mövzusunda inşa yazın.
- “Yaxşı insan olmaq nə deməkdir?” mövzusunda esse yazın.
- İnşa və esselərdən nümunələri təqdimatlar əsasında müzakirə edin.
- “Şər və pislikdən uzaq olmaq fikrini necə başa düşürəm?” mövzusunda esse yazın.
Əsərin məzmununun öyrənilməsi və təhlili ilə bağlı bacarıqlarınızı bu sinifdə də inkişaf
etdirəcəksiniz. Məzmunun öyrənilməsi ilə əlaqədar tapşırıqlar əsərə daha tez-tez müraciət etməyə, obrazların
nitqi üçün səciyyəvi olan nümunələrin, başlıca fikrin dərk edilməsində əhəmiyyətli olan
epizodların üzərində işləməyə istiqamətləndirəcəkdir.
Təhlillə bağlı tapşırıqlar sizdə yeni bacarıqların yaranmasına səbəb olacaqdır. Ədəbi qəhrəmanlara
eləcə də əsərin bədii xüsusiyyətlərinə qiymət vermək, mövzu və ideyasını
müəyyənləşdirmək və s. diqqət mərkəzində saxlanılacaqdır. Ədəbi qəhrəmanların təhlilinə xüsusi önəm
veriləcəkdir. Çünki ədəbi qəhrəmanların- obrazların başa düşülməsi və onlara əsaslandırılmış
münasibət bildirilməsi əsərin ideyasının müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.
Ədəbi qəhrəmanları səciyyələndirmək üçün aşağıdakılara diqqət yetirmək vacibdir:
- Əsərin məzmunu mükəmməl öyrənilməlidir.
- Ədəbi qəhrəmanların xarakterinin açılmasında mühum rolu olan epizodlar
müəyyənləşdirilməlidir.
-
Mühüm epizodlara və əsərin bütövlükdə məzmununa əsasən ədəbi qəhrəmanın:
- xarakterindəki başlıca cəhətlər müəyyənləşdirilməlidir;
- davranış və əməllərindəki özəlliklər aydınlaşdırılmalıdır;
- digər obrazlarla oxşar və fərqli xüsusiyyətləri, yazıçının ona münasibəti aşkara
çıxarılmalıdır;
- nitqi, danışıq tərzi, bağlı olduğu məişət təsvirləri aydınlaşdırılmalıdır.