Əsərin təhlilinə hazırlaşın.
Dövrünün qüdrətli sənətkarlarından olan Xaqani XII əsrdə yaşayıb-yaratmış, zəngin, mənalı yaradıcılığı ilə Şərq ədəbiyyatına güclü təsir göstərmişdir. Ənənəyə uyğun olaraq fars dilində yazan şair bir müddət sarayda yaşamış, hökmdarları tərif edən əsərlər yaratmışdır. Sonralar saraydan üz çevirmiş, zəmanənin eyiblərini tənqid edən kəskin ruhlu əsərlər yazmışdır. Onun yaradıcılığında gəncliyə rəğbət hissi aydınca duyulur. Bu, “Gənclərə nəsihət” əsərində də əksini tapıb. Əsərin üzərində müşahidələrinizi davam etdirin, ondakı fikirlərin hər birinin faydası, əhəmiyyəti barədə düşünün.
Şeirin maraqla oxunmasını təmin edən bədii vasitələr çoxdur. Bunlardan biri bədii təzaddır. “Təzad” sözü ziddinə, əksinə olmaq anlamındadır. Məzmunca bir-birinə zidd olan anlayışların, hadisələrin və s. bədii əsərdə qarşılaşdırma şəklində təqdim edilməsi təzad adlanır. Bədii təzad da təkrir, bədii sual və başqa ifadə vasitələri kimi, əsərin təsir gücünün artmasında əhəmiyyətli rol oynayır.
Bu gün yoxdursa da kimsədə vəfa,
Vəsiyyət edirəm, olma bivəfa.
Bu nümunədəki təzad fikrin daha təsirli ifadəsinə səbəb olmuşdur. Bir tərəfdən heç kimdə vəfa olmadığı bildirilirsə, digər tərəfdən vəfalı olmağın vacibliyi vurğulanır. Təzadın, eləcə də digər vasitələrin şeirə gətirdiyi bədii gözəlliyin müəyyənləşdirilməsi onun ideya-məzmununu daha ətraflı aydınlaşdırmağınıza imkan yaradacaqdır.