Qırsa bir budağı dost hirslənərək,
O, cənnət ağacı olsa da, əl çək.
Dostun əkdiyi gül olsa da tikən,
Çıxarıb yerindən onu atma sən.
Həqq yolunda çalış o qədər ki, həqq
Razı qaldığını biləsən mütləq.
Bir kiçik adama nəvaziş etsən,
Sənin böyüklüyün getməz əlindən.
Razılıq etsə də səndən bir nadan,
Onun tərifinə aldanmayasan.
Sən onu öydükcə, o lovğalanar,
Özünü yoldaş yox əmoğlun sanar.
Daha boyun qoymaz işə, xidmətə,
Lovğalar yabançı olur hörmətə.
Boyun böyüklüyü deyildir gərək,
Hümmət böyük olsun, bir də ki ürək.
Dünyada ağıltək bir ustad varmı?
O, bir qul yanında şagird olarmı?
Sənətdə tək olan bu Xaqanidən,
Gəl incə mənalı fikir eşit sən.
Qorun pis adamdan, anla ki, onlar
Əqrəbtək kor olar, ilantək lal, kar.