Epik növə daxil olan janrlarda həyat hadisələri daha çox təhkiyə, nağılolunma yolu ilə əks etdirilir. Buna görə də epik növün imkanları daha genişdir. Yəni bu növdə olan əsərlərdə bir-biri ilə əlaqədar olan çoxlu əhvalat və hadisə, insan obrazları, onların həyatı, fəaliyyəti, cəmiyyəti düşündürən problemlər və s. əhatəli təsvir olunur.
Epik əsərlərdə təhkiyə, nağılolunma ilə yanaşı, təsvir də mühüm yer tutur. İnsanın mənəvi aləminin, xarici görkəminin, məişətinin, eləcə də təbiətin və s. təsvirinə epik növdə geniş yer verilir. Bu növün janrları çoxdur; şifahi ədəbiyyatda əfsanə, nağıl və s. epik növün janrları sayılır. Yazılı ədəbiyyatda isə hekayə, novella, povest və s. həmin növün janrları hesab olunur. Epik növün elə janrları var ki, həm nəsrlə, həm də nəzmlə (məsələn, hekayə) yazılır.
Lirik növə məxsus əsərlərdə isə əhvalat və hadisə yox, onların şairdə yaratdığı təəssürat ifadə olunur. Müşahidə olunanın, təxəyyüldə canlandırılanın doğurduğu hiss-həyəcan və düşüncə lirik şeirlərin ideya-məzmununu təşkil edir.
Bu əsərlərdən danışılanda lirik qəhrəman anlayışı tez-tez işlədilir. Lirik qəhrəmanla şairin şəxsiyyəti arasında güclü əlaqə olsa da, onları həmişə eyniləşdirmək olmaz. Deməli, lirik qəhrəmanın hiss və düşüncələrinin şairin hiss və düşüncələri ilə həmişə tam üst-üstə düşdüyünü demək yanlışdır. Çünki şair heç də həmişə yalnız öz fikir və düşüncələrini ifadə etməklə məhdudlaşmır.
Belə əsərlərdə müəyyən ölçünün (vəznin) tələblərinin gözlənilməsi güclü ahəng yaradır. Bu isə əsərin təsir gücünün daha da artmasına və oxucuda yüksək hiss-həyəcanın baş qaldırmasına səbəb olur.
Şifahi ədəbiyyatda lirik növün janrlarına nümunə olaraq bayatı, gəraylı, qoşma və s. göstərmək olar.
Yazılı ədəbiyyatda isə qəzəl, qitə, rübai, müxəmməs və s. qədim dövrlərdən başlayaraq geniş yayılmış janrlardır.
Elə bədii nümunələr də var ki, onlarda həyatı əksetdirmə üsullan qovuşur. Məsələn, dastan və poemalarda təsvir və təhkiyə ilə yanaşı, hadisələrin doğurduğu hiss-həyəcan da əksini tapır. Hadisələrin təsvirinə, təhkiyəyə daha çox yer verilən əsər epik-lirik, qəhrəmanların hiss-həyəcanının ön plana çəkildiyi nümunələr isə lirik-epik hesab edilir.
Dramatik növdə həyat hadisələri, əsasən, obrazların danışığı, davranışı və hərəkətləri ilə ifadə edilir. Bu növdə olan əsərlərdə hadisələrin, insanların, təbiətin və s. təsvirinə imkan olmur. Bütün bunlar barədə remarka adlanan yığcam qeydlərdə - yazılarda məlumat verilir.
Dramatik növün yazılı ədəbiyyatda dram, komediya, faciə kimi janrları var. Xalq oyunları, tamaşaları, şəbihlər isə dramatik növün şifahi xalq ədəbiyyatındakı janrlarıdır.