Oğuz bəyləri ilə Dəli Dondaz sağdan birinci hücum etdi. Cəsur igidlərlə Qarabudaq soldan hücum etdi. Qazan özü düşmən qoşununun mərkəzinə hücum etdi. Təkur ilə Şöklü Məlikə çatdı. Böyürdüb atdan saldı. Al qanını yer üzünə tökdü.
Sağ tərəfdə Dondaz Qara Tükənə qarşı gəldi. Qılınclayıb yerə saldı. Sol tərəfdə Buğacıq Məlikə qarşı Qarabudaq gəldi. Nizəsi ilə sancıb yerə saldı, bir anda başın kəsdi.
Boyu uzun Burla xatun kafirin qara bayrağını qılıncladı, yerə saldı. Təkur basıldı, qalan düşmənlər qaçdı. Dərələrdə kafirlər qırıldılar. On beş min kafirdən kimi qırıldı, kimisi tutuldu.
Qazan oğlunun yanına gəldi. Atından düşüb əllərini açdı. Ata ilə oğul qucaqlaşıb görüşdülər. Oğuzlardan üç yüz igid şəhid oldu. Qazan öz oğlunu xilas edib geri döndü. Vuruş uğurlu oldu. Oğuz bəyləri sevindilər...
Qazan Ağca Qala Sürməliyə gəlib qırx otaq tikdirdi. Yeddi gün, yeddi gecə yemək-içmək oldu. Qırx evli qul ilə qırx cariyəni oğlunun başına çevirib azad elədi. Qəhrəman igidlərə qala, ölkə verdi, cübbə-çuxa verdi. Dədə Qorqud gəldi, qopuz çaldı. Bu oğuznaməni düzdü-qoşdu. Belə dedi:
İndi hanı o dediyim bəy ərənlər?
Dünya mənim deyənlər?
Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya!
Xeyir-dua verək, xanım:
Yerli uca dağın yıxılmasın!
Kölgəli iri ağacın kəsilməsin!
... Vuruşanda iti polad qılıncın gödəlməsin!
Allah verən ümidin üzülməsin!
Axır gündə an imandan ayırmasın!
Ağ alnımızı yerə qoyub beş kəlmə dua etdik, qəbul
olunsun!
Ulu Tanrı yığışdırsın, saxlasın günahımızı,
Adı gözəl Məhəmmədə bağışlasın, xanım, hey!!!