Əlindəki sür nizəni,
Yanındakı göy polad silahı mənə ver, igid!
Bu günümdə kömək ol mənə!
Qala-ölkə verim sənə!
Burla xatun dedi:
... Qalxıb yerindən duran Qazan!
Qaragöz atın belinə yatan Qazan!
Uca dağımı yıxan Qazan!
İri kölgəli ağacımı kəsən Qazan!
... Xan qızını - halalını tanımayır gözün sənin!
Nə olmuşdur sənə belə, huşunumu itirmisən?
Çal qılıncını, çatdım, Qazan! - dedi.
Bu zaman Oğuz igidləri bir-bir yetişdi. Görək, xanım, kimlər yetişdi:
... Acığı tutanda qara daşı kül eləyən, qara bığını boynunun ardında düyünləyən, Qazanın qardaşı Qaragünə çapar yetdi: “Çal qılıncını, qardaş Qazan, çatdım!” - dedi.
Onun ardınca görək, xanım, kimlər yetişdi:
Dəmir qapı Dərbənddəki dəmir qapını alan, altmış tutamlıq böyük nizəsinin ucunda igidləri böyürdən, Qazan kimi pəhləvanı bir savaşda üç dəfə atından yıxan Qıyan Səlcik oğlu Dəli Dondaz çapar yetdi: “Çal qılıncını, ağam Qazan, çatdım!” - dedi.
Onun ardınca, görək, xanım, kimlər yetdi:
Parasarın Bayburd hasarından sıçrayıb aşan, atı böyük gəlin otağının qarşısına gələn, Qalın Oğuzun sevimlisi, Qazan bəyin dostu, silahdaşı Boz ayğırlı Beyrək çaparaq yetdi: “Çal qılıncını, xanım Qazan, çatdım!” - dedi.
Onun ardınca görək kimlər yetişdi:
... Qalın Oğuz bəylərini bir-bir yıxan Qazılıq qoca oğlu Yeynək bəy çaparaq yetdi: “Çal qılıncını, ağam Qazan, çatdım! - dedi.
Onun ardınca görək kimlər yetişdi:
İyirmi dörd Oğuz elini tərif edən Dəli Tondaz yetdi.
Onun ardınca min nəfərin başçısı Düyər yetdi. Onun ardınca minbaşı Bügdüz Əmən yetdi. Onun ardınca doqquz tayfanın başçısı Aruz yetdi. Saydıqca Oğuz bəyləri tükənən deyil.
Qazanın bütün bəyləri yetdi, ətrafına yığıldılar. Təmiz suda dəstəmaz aldılar. İki rükət namaz qıldılar. Adı gözəl Məhəmmədə salavat gətirdilər. Cəsarətlə kafirin üstünə at saldılar, qılınc çaldılar.
O gün ciyərli, cəsur igidlər bəlli oldu. O gün namərdlər gizlənməyə yer axtardı. Bir qiyamət savaş oldu, meydan dolu baş oldu. Bir qiyamət günü oldu, bəy nökərdən, nökər bəydən ayrıldı.