- verdiyi izahatdır. Remarka çox zaman mötərizə içərisində verilir, pyesi tamaşaya qoyan
rejissor, rolları ifa edən aktyorlar üçün bir göstəriş rolunu oynayır. Remarka oxucular
üçün də məlumat mənbəyi olur.
- Replika- əsərdə bir şəxsin başqa bir şəxs tərəfindən söylənən sözlərə qısa cavabıdır.
- Rübai- lirik növün cəmi dörd misradan ibarət olan, ictimai-əxlaqi məzmun daşıyan
janrıdır. Həcmcə kiçik olmasına baxmayaraq, dörd misrada bitkin, məna və ideyaca dərin
fəlsəfi fikir ifadə edilir. Rübaidə birinci, ikinci, dördüncü misralar həmqafiyə olur,
üçüncü
misra sərbəst buraxılır. Bəzi rübailərdə misraların dördü də həmqafiyə olur.
- Satira- müxtəlif ədəbi növ və janrlarda (hekayə, şeir, dram və s.) ictimai həyatdakı
mənfilikləri qəzəblə ittiham edən, kəskin surətdə ifşa edən əsərlərə deyilir. Satirada
ifşaedici, öldürücü gülüş əsas yer tutur, sənətkar həyatın eybəcər tərəflərini qəsdən
qabardır,
mübaliğəli təsvir edir. O həmin mənfiliklərin insan həyatına, mənəvi dəyərlərə
zidd olduğunu göstərməklə oxucunu düşünməyə, mənfi hallara qarşı mübarizə aparmağa sövq
edir.
Yumor isə islahedici, mərhəmət doğuran gülüşdür. Yumor oxucuda
tənqid hədəfinə mərhəmətli münasibət yaradır.
- Sufizm - orta əsrlər islam Şərqində geniş yayılmış dini təriqət, mənəvi-əxlaqi
düşüncə
və davranış sistemidir. Suf ərəb sözü olub qaba yundan hazırlanmış parça mənası verir.
İlk sufilər zənginlikdən uzaq sadə həyat yaşadıqlarını bildirmək, başqalarından fərqli
qrup olduqlarını göstərmək üçün yun paltar geyinirdilər. Sufilər nəfsə uymamağı,
dünyadakı həvəslərdən uzaqlaşıb mənəvi təmizlənməklə Allaha qovuşmağı öz məqsədlərinə
çevirmişdilər. Orta əsrlər Azərbaycan klassik ədəbiyyatında sufizm ideyaları
geniş əks olunmuşdur.
- Surət (obraz) - bədii əsərdə yazıçının yaratdığı obrazdır. Bədii əsərdə insan
surətləri ilə yanaşı, təbiət, heyvan, əşya surəti də yaradıla bilər.
- Süjet-bədii əsərdə hadisələrin müəyyən xətt üzrə inkişaf etdirilməsinə deyilir. Süjet
fransız sözü olub, əsərdə təsvir olunan mahiyyət və hadisə deməkdir. Süjet xəttinin
inkişafında
beş əsas mərhələ var: 1. Ekspozisiya (bədii müqəddimə, bədii zəmin, giriş) -
gələcəkdə baş verəcək hadisələrin təməli qoyulur. Hadisənin başvermə şəraiti
aydınlaşdırılır. 2.
(Zavyazka düyün)- vəziyyətin getdikcə mürəkkəbləşməsini, hadisələrin
inkişafında maneə, düyün yarandığını göstərir. 3. Kulminasiya (zirvə nöqtəsi) -
hadisələrin,
ziddiyyətlərin ən yüksək inkişaf nöqtəsinə çatdığını göstərir. 4. Razvyazka
(açılış) - ziddiyyətlərin tədricən aradan qalxdığını, düyünün açılmağa doğru getdiyini
göstərir. 5. Final (bədii sonluq) - hadisələrin müəyyən sonluğa çatmasıdır.
- Təhkiyə - epik əsərlərdə (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hadisə oxucuya
təhkiyə
(danışmaq, söyləmək, nağıl etmək) yolu ilə çatdırılır. Əsərdəki hadisələr ya müəllifin,
ya da qəhrəmanın dilindən nağıl edilə bilər.
- Təxəllüs - sənətkarların özlərinə seçdikləri poetik ad, yaradıcılıq ləqəbidir.