- Dialoq - yunanca “söhbət, müsahibə” deməkdir. Bədii əsərdə iki və daha artıq şəxsin
bir-biri ilə danışığıdır. Dialoq əsərdəki hadisələrin mahiyyətinin, surətlərin daxili
aləminin
açılmasında mühüm rol oynayır.
- Dram - dramatik növün janrıdır. Dramda həm komediya, həm də faciəyə xas əlamətlər
özünü göstərir. Dramda komediya üçün səciyyəvi olan gülməli epizodlara yer verilir.
Lakin dramın bütünlüklə komik, gülməli səhnələr üzərində qurulması mümkün deyil.
Dramın qəhrəmanı faciədə olduğu kimi ciddi münaqişəyə girsə də, faciədən fərqli olaraq,
qarşılaşdığı güclü şər qüvvələrə qalib gəlir. Dram janrında əsərlər həm nəsrlə, həm
də nəzmlə yazıla bilər.
- Dramaturq - dramatik növün komediya, dram, faciə janrlarında əsər yazan sənətkarlara deyilir.
- Dramaturgiya - hər hansı bir yazıçının dramatik əsərlərinin cəminə deyilir. Hər hansı
bir xalqın, yaxud bütöv bir tarixi dövrün dramatik əsərlərinə də dramaturgiya deyilir.
Məsələn, Cəlil Məmmədquluzadənin dramaturgiyası, XX əsr Azərbaycan dramaturgiyası və s.
- Epiqraf - əsərin və ya onun hissələrinin əvvəlində başqa sənətkarlardan, görkəmli
şəxsiyyətlərdən və ya müəllifin özündən hikmətli fikirlərin verilməsidir. Epiqrafda
verilən fikirlər əsərin məzmunu, ideyası ilə sıx bağlı olur. C.Məmmədquluzadə
“Qurbanəli bəy” hekayəsində məşhur rus satiriki N.V.Qoqolla bağlı epiqraf vermişdir:
Allah sənə rəhmət eləsin, Qoqol!
- Epitet - yunanca “əlavə” deməkdir. Bədii əsərdə sözün təsir gücünü artırmaq üçün ona
artırılan məcazi mənalı təyinedici sözdür. Epitetə bədii təyin də deyilir. Şirin çay
birləşməsində “şirin” sözü məcazi mənada işlənmədiyindən epitet deyil, şirin söz
ifadəsində isə şirin məcazi mənalı söz olduğundan epitet sayılır.
- Epizod - bədii əsərin bitkin bir parçasıdır.
- Epos - yunanca danışmaq, söyləmək, nağıl etmək, fikri təhkiyə əsasında çatdırmaq
mənasında işlənir. Şifahi xalq ədəbiyyatında epos böyük birtarixi mərhələni əhatə edən
qəhrəmanlıq dastanlarına da deyilir; məsələn, “Koroğlu” eposu və s.
- Ədəbi qəhrəman - təsvir olunan hadisələrin mərkəzində duran və yazıçının irəli sürdüyü
ideyanın əsas ifadəçisinə çevrilən surətə deyilir. Bədii əsərin qəhrəmanı müsbət
olduğu kimi, mənfi də ola bilər.
- Ədəbi növ və janrlar - bədii əsərlər üç ədəbi növə ayrılır: epik, lirik və dramatik növ.
Epik əsərlərdə təhkiyə, təsvir, lirik əsərlərdə tərənnüm, dramatik əsərlərdə əyani
göstərmə əsas, aparıcı əlamətlərdir. Hər bir ədəbi növün müxtəlif şəkilləri vardır ki,
onlara janrlar deyilir. Məsələn, epik əsərlərin əfsanə, nağıl, dastan, təmsil, hekayə,
lirik əsərlərin rübai, qəzəl, bayatı, gəraylı, qoşma, dramatik növün isə dram,
komediya, faciə janrları vardır. Dramatik janrlara pyes də deyilir.
- Ənənə - əvvəlki ədəbi hadisə ilə yeni ədəbi hadisə arasında ardıcıl varislik əlaqəsidir.
Bir və ya bir neçə yazıçının yaradıcılığının sonrakı sənətkarlar tərəfindən öyrənilən və
inkişaf etdirilən ideya-sənətkarlıq xüsusiyyətləri. Məsələn, C.Məmmədquluzadə,
Ə.Haqverdiyev, M.Ə.Sabirin realizminin ideya-bədii kökləri M.F.Axundzadə və Q.Zakirin
yaradıcılıq ənənələri ilə üzvi surətdə bağlıdır.
- Əruz vəzni - ərəb şeirinin ana vəznidir. Ədəbiyyatda “əruz” sözü şeir haqqında elm
mənasında işlənir. Bu vəzn VIII əsrdə ərəb alimi Xəlil ibn Əhməd tərəfindən sistemə
salınmış, sonralar digər müsəlman ölkələrinə, o cümlədən Azərbaycana da yayılmışdır.
Bu vəzndə əsas şərt misrada hecaların sayca bərabər olması yox, uzun və qısa hecaların
müəyyən qayda ilə düzülməsidir.
- İdeya - seçilmiş mövzu, təsvir edilən surətlər, hadisələr vasitəsilə yazıçının oxucuya
çatdırmaq istədiyi başlıca fikir, müəllif niyyətidir.