Səs-səmirsiz gözəl başını kəsin,
Alca qanını yer üzünə tökün.
Oğlu ilə özünü bir yerdə öldürün,
Ocağını söndürün!” - deyə söylədilər.
Xan ata, qorxuram səyirdərkən
Qonur atını sürüşdürəsən,
Vuruşarkən özünü tutdurasan,
Xəbərsizcə gözəl başını kəsdirəsən.
Ağbirçəkli anamı “oğul” deyərkən
“Başım baxtı Qazan” deyə ağladasan.
Qayıdaraq, ata, geriyə dön!
Sür atını, qızıl tağlı evinə get!
Qancıq olmuş anamın ümidi ol!
Qaragözlü bacımı ağlatma!
Qancıq olmuş anamı sızlatma!
Ata ölsə oğul üçün, eyibdir.
Yaradana and verirəm səni, ata!
Qayıdaraq geriyə dön, evinə get!
Qoca anam qarşılayıb soruşsa, ata, doğru xəbər ver.
Sənin oğlunu gördüm, de!
... Ağır buxov topuğumu döyənək edib, de!
Yanmış arpa çörəyi, acı soğandır yeməyi, de!
Bir ay yola baxsın, gəlməsəm, iki ay baxsın!
Oğlan bir daha söyləmiş, görək, xanım, nə söyləmiş:
Qarşı yatan uca dağlar
Salamat olsa, el yaylar.
Aşqın-daşqın sellər, sular
Salamat olsa, axar-çağlar.
... Sən sağ ol, anam sağ olsun!
Allah sizə məndən yaxşı oğul verər.
Anam mənə halal etsin ağ südünü,
Vuruşma sən, qayıt, ata, qayıt geri!
Qazan burada söyləmiş, görək, xanım, nə söyləmiş, demişdir:
Oğul, oğul, ay oğul!
Qarşımdakı uca dağımın zirvəsi oğul!
Güclü belimin qüvvəti, canım oğul!