***
Mirzə Səfərin oğlanları ikisi də bir ildə məktəbi tamam etdi. Bu münasibətlə Mirzə bir plov verdi. Məlum ki, qonaqlarının əzizi usta Zeynal idi.
Uşaqlar bir neçə gün dincəldikdən sonra bir axşam Mirzə usta Zeynalı şama dəvət etdi. Çörək yedikdən sonra Mirzə üzünü usta Zeynala tutub:
- Usta Zeynal, bu uşaqlar qurtarıblar, bunları belə qoymaq olmaz, yarımçılıqdan fayda olmaz. Mənim bunları ali məktəbdə oxutmağa qüvvəm çatmaz. Sən də indiyədək mənə bəqədri məqdur kömək edibsən. İndi bir tədbir lazımdır.
Usta Zeynal fikrə getdi. Bu halda Mirzənin kiçik oğlu atasına üzünü tutub dedi:
- Ata, ayda on beş manat qardaşıma göndərə bilərsən?
- Yox, oğul, gücüm çatmaz. On manata... bəlkə... Bəs sən?
- Mən bir belə fikir eləmişəm, qardaşım getsin oxumağa. Mən də burada başlayım dövlətlilərin uşaqlarına dərs verməyə. Qazandığım pulu göndərim qardaşıma. O qurtarıb gələndən sonra da mən gedərəm, o mənə pul göndərər. Bəlkə, mən dərs verməkdən o qədər pul qazandım ki, heç sənin on manatına ehtiyac olmadı.
Bu məsləhəti hamı xoşladı.
Bir gün Mirzə Səfər Rastabazardan ötərkən qulağına səs gəldi:
- Mirzə Səfər, Mirzə Səfər!
Dönüb gördü ki, o səsləyən Həsən ağadır, tacir Hacı Qulunun dükanında oturub oradan əl edir.
Mirzə Həsən ağaya tərəf getdi.
- Ağa, nə buyurursan? Hacı Qulu, salaməleyküm!
Həsən ağa dedi:
-Mən səni gözaydınlığı verməyə çağırdım, eşitdim, uşaqların məktəbi qurtarıblar, gözün aydın!
- Sağ ol, ağa!
- Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər yanıma gəlsinlər, bir söhbət edək.
- Nə üçün gəlsinlər, ağa?
- Necə nə üçün? Məktəb qurtarıblar, ağsaqqala gərəkdirmi bir vizit versinlər. Baxım görüm nəyə ləyaqətləri var, bir əməlli qulluğa qoyum işləsinlər, sən də bir qədər istirahət elə.
- Ağa, qulluğa qoymaq fikrim yoxdur. İstəyirəm, uşaqlarımı ali təhsil almış görüb, gözlərimi yumum.
- A kişi, sən bir kasıb adamsan, ali təhsil görmüş uşaqları sən neyləyirsən? Ali təhsilin ildə min manatdan çox xərci var. Mən oğluma ayda yüz manat göndərirəm, yenə “gördüm” demir. Sənə varlılarla tarazıya girmək nə yaraşar? Yorğanına bax, ayaqlarını uzat!
- Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Onlar ancaq sizin kölgənizdə oxuyub dərsi tamam ediblər. Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq indi də mənim yadımdan çıxmır.
Həsən ağanın rəngi dəyişdi:
- Nə demək istəyirsən, bu eyhamların mənası nədir?
- Bir məna yoxdur, ağa! Ovqatınız təlx olmasın. Ancaq uşaqlarımın gələcəyinin fikrini də mənim özümə vagüzar ediniz. Nə vaxtda sizin qapınıza gəlib çörək istəsəm, nökərlərə buyurun, məni qovsunlar. Bağışlayın, başağrısı verdim. Xidmətinizdən mürəxxəs olaq. Xudahafiz, Hacı Qulu.
Mirzə Səfər getdi. Həsən ağa Hacı Quluya:
- Görürsən, hacı, xalq nə payədə qudurub?! Hər qor-qoduq özünü adam cərgəsinə qoşur.
Buna deyən gərək: “Ay qoturun biri, sən neyləyirsən ali təhsil görmüş oğulu? İki oğlun məktəbi tamam edib, çox gözəl, hərəsini bir işə qoy, səni dolandırsınlar”. Camaat gəldikcə qudurur. Verdiyi cavaba bax!