- Məgər siz onun nə qədər azğın olduğunu görmürsünüz?! Nə adama etina edir, nə də salam verir, guya bu adamların hamısı onun nökəridir. Yəqin, yağlıdır ki, belə dolanır. Yağlı olmasa, o da qalan çinovniklər kimi adamın yerini bilər.
Mirzə Səfər məyus evə qayıtdı.
Arvad ərinin halətinin pozğunluğunu xəbər aldıqda Mirzə dedi:
- Nə eləyim, ay arvad, bu gün-sabah uşaqları məktəbdən xaric edəcəklər. Ondan sonra mən onların üzlərinə nə gözlə baxacağam? Həsən ağanın evi yıxılsın, mənim evimi o yıxdı.
- Qəm eləmə, kişi, sən ki özün şkola görməyibsən, yenə bir parça çörəyin var. Uşaqlar az-çox oxuyublar, çörəksiz qalmazlar.
- Mən yediyim məgər çörəkdir? Zəhrimar o çörəkdən yaxşıdır. Sabah qulluqdan çıxarsalar, acından ölməyə məcbur olacağam. Həsən ağa kimi zalımın biri getdi naçalnikdən xahiş elədi, bir də görəcəksən papağımı qoltuğuma verib saldılar eşiyə. Oğlanlarımı mən avara görsəm, yəqin, özümü öldürərəm.
Mirzə iştahsız nahar yeyib yatmaq istədi, hərçi çalışdı? yuxusu gəlmədi. Durub libasını geyinib getdi usta Zeynalın dükanına. Həmişə sifətindən şad, dili şeirli daxil olan Mirzə Səfər bu dəfə məyus girib, salam verib əyləşdi. Usta Zeynal xəbər aldı:
- A Mirzə, gözümə bikef dəyirsən, nə olub, xeyir ola?
- Xeyir olmamış nə var?! Elə bir qədər bu gün ovqatım təlx olub.
- Söylə görək.
- Nə söyləyim? Həsən ağanın evi başına uçsun, gedib məktəbdə deyib ki, filankəsin pulu aşıb-daşır, uşaqlarını öz xərci ilə oxuda bilər. İndi uşaqlan göndəriblər üstümə və xəbər veriblər ki, ayın on beşinədək qırx manat verməsəm, ikisini də məktəbdən xaric edəcəklər. Mənim mədaxilimi bilirsən.
Çox çətinliklə onların kitablarını, libaslarını düzəldirəm. Hər yarım ildə qırx manat, ildə həştad manat eləyir. Mən bunu haradan düzəldim? Uşaqlar məktəbdən çıxarılsa, mən vərəmləyib öləcəyəm.
Usta Zeynal Mirzə Səfərə Həsən ağanın yanına getməyi məsləhət gördü.
Mirzə Səfər neçə dəqiqə usta Zeynalın üzünə baxıb birdən ayağa qalxıb dedi:
- Usta Zeynal, bu nə təklifdir mənə edirsən? Mən Mirzə Səfər gedim Həsən ağanın ayağına yıxılım? Mən acından ölməyə razı olaram, oğlanlarımın ikisinin də başını kəsərəm, amma gedib Həsən ağa kimi adama yalvarmaram. Qoy uşaqları qovsunlar.
Usta Zeynal bunu eşitdikdə dəzgahın dalından qalxıb gəlib Mirzənin boynunu qucaqlayıb üzündən öpdü.
- Mirzə, mən səni sınayırdım. İndi səndə olan istiqaməti-məcazi aydın görürəm. İndi görürəm ki, sən ağır günündə də gedib heç kəsin ayağına yıxılmazsan. Afərin sənə, Mirzə Səfər! Bu gündən sonra mən malımı, canımı sənin kimi dostun yolunda qoyaram. İndi gəl biz bir iş görək. Sənin məişətin ağır keçir, indi bir az da ağırlaşacaq. Mən də ki, saatsazlığımla səndən çox qazanmıram. Gəl sənin uşaqlarının oxumasına şərik olaq. Oğlunun birinin xərcini sən çək, o birisininkini də mən çəkim. İldə həştad manat sənin üçün ağır yükdür. Amma qırx manat döy-sındır düzəldərsən. Mənim də gücüm çatar.
Mirzə Səfər usta Zeynalın boynunu qucaqlayıb başladı üzündən öpməyə.
Bir də usta Zeynal baxıb gördü ki, Mirzə Səfərin gözlərindən yaş axır.
- Ağlamaq lazım deyil, Mirzə, sən indiyədək heç kəsdən minnət götürməyibsən. Amma mən səninlə iyirmi ildən artıqdır ki, dostam, bu mənim qardaşlıq töhfəmdir. Əmi qardaşı oğluna töhfə verəndə nə olar?
Usta Zeynal qarşısındakı çayçını səslədi. Çayçı iki stəkan çay gətirib qoyub getdi.
- Mirzə, çay iç, ürəyin toxtasın. Dünyadır, belə də getməz.
Mirzə çay içib, birqədər də usta Zeynalla söhbət edib gəldi evə. Ayın on beşində Mirzənin oğlanları qırx manat aparıb məktəb haqqı verdilər.