- Deyinən sən öl, Həsən ağanın adamıyam.
- Sən öl, Həsən ağanın adamıyam.
- Bəs elə isə gəl min mənim boynuma. Neynəyim, Həsən ağanın qohumusan, gözlə, vaxtında kağızın hazır olar, apararsan.
İş üçün gələn kəndlilərlə Mirzə həmişə şirin dillə zarafat eləyərək söhbət edərdi. Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlandıqdan sonra qalıb təcili məktubları, teleqramları qəbul edərdi.
Bir gün növbət Mirzəyə gəlmişdi. Dəftərxananın səkisi üstündə əyləşib özünü havaya verirdi.
Bir neçə nəfər də kənddən gəlmiş adamlar küçənin ortasında oturub öz aralarında danışırdılar. Mirzə bunların birisinə əl elədi:
- A kişi, bura gəl, bura gəl.
Kişi durub gəldi.
- Nə buyurursan, Mirzə?
-Bir dil ki qəm düçan ola, ağlar, ağlamaz?
- Mən nə bilim, ay Mirzə.
- Ənduhi-qüssə yarı ola, ağlar, ağlamaz?
-Başına dönüm, ay Mirzə, mənim belə şeylərdən başım çıxmaz. Avam adamam.
- Doğrudur, avamsan, bunlar gözəl sözlərdir, get oğlunu oxut. Belə-belə şeirlərdən ləzzət aparsın.
Bir dəfə nə üstə isə naçalnikin buna qəzəbi tutub dedi:
- Səfər! Papağını götür, buradan get!
Mirzə Səfər qalxıb şax naçalnikin sifətinə baxdı:
- Cənab naçalnik, siz yəqin edin ki, mən buradan gedəsi olduqda, papağımı qoyub getməyəcəyəm.
Külahın satgilən xərc et, tüfeyli olma namərdə,
Cahanda kəllə sağ olsun, külah əskik deyil mərdə!
Şeri oxuyub, bir növ, rusca tərcümə etdi.
Yoldaşları hamısı bir dillə naçalnikdən xahiş etdi ki, onun taqsırından keçsin. Mirzə Səfər özü isə bir vəziyyətdə durub, sifətində yalvarmaq nişanəsi olmayaraq baxırdı.
Mirzənin təmiz qulluqçu olmağına qiymət qoyurdular və yoldaşları da onu çox istəyirdilər. Ona görə Mirzəni vəzifəsində saxladılar.
Mirzə Səfərin iki oğlu edadiyyə məktəbinin beşinci sinfində oxuyurdu. Mirzənin məişəti ağır olduğundan məktəb nəzdində olan cəmiyyəti-xeyriyyə onun uşaqlarını dərs pulundan azad etmişdi.
Bir gün uşaqlar məktəbdən gəlib Mirzəyə xəbər verdilər ki, daha bu ildən onları məktəb pulundan azad etməyəcəklər, pul verməsələr, hər ikisini məktəbdən xaric edəcəklər.
Sabahı gün Mirzə naçalnikdən izin alıb məktəb müdirinin yanına getdi. Müdir dedi:
-Mən kənardan gəlmiş bir adamam, başım ancaq məktəbin işlərinə məşğuldur. Uşaqların atalarının vəziyyətləri mənə məlum deyil, məlum olsa da, mənim əlimdən bir iş gəlməz, sizin oğlanlarınız hər ikisi yaxşı oxuyur. Onların məktəbdən çıxarılmalarına mən çox əfsus edirəm. Mən sizə məsləhət görürəm, gedib cəmiyyətin sədri Həsən ağa ilə görüşəsiniz. İş onun əlindədir.
Məlum oldu ki, Mirzə Səfərin Həsən ağanın qohumu ilə rəftarı ağanın qulağına çatıb, o da qeyzlənib cəmiyyəti-xeyriyyə iclasında deyibdir ki, Mirzə Səfərin vəziyyəti mənə aydın məlumdur və uşaqlarını öz xərci ilə oxutmağa onda imkan var. İclasdan çıxanda üzvlərdən biri Həsən ağadan xəbər aldı:
- Ağa, Mirzə Səfər yazıq deyilmi, biz hamımız onun vəziyyətinə bələdik, bu zülmü onun haqqında gərək siz etməyəydiniz.
Ağa cavab verdi: