Hava qaranlıqlaşmışdı. Novruzəli boş un çuvallarını ac ulağın üstünə salıb, ulağı qatdı qabağına və zoğal ağacı ilə döyə-döyə getdi kəndinə.
Üç gündən sonra xana İrəvandan teleqraf çıxdı ki, “kağızın yetişib və otaqlar hazırdı”. Xan yığışıb getdi İrəvana.
Ay yarımdan sonra Novruzəlini divana gətirib “qulluqçunu bihörmət eləmək barəsində” üç ay navaxt kəsdilər, amma Novruzəli günahını boynuna almadı. Hələ üç ay da keçdi, ancaq bu xəbər İrəvanda Vəli xana çatdı. Xan bir qədər fikir elədi.
ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV
Mirzə Səfər
Mirzə Səfərlə biz tanış olanda onun yaşı qırx beşlə əllinin arasında idi. Özü də qəza dəftərxanasında qulluq edərdi. Rusca savadı az olduğundan ancaq işi mübəyyizlik idi. İyirmi beş manat da maaşı vardı.
Mirzəyə hər yerdə ehtiram göstərərdilər. Bununla belə, onun bircə nəfər həqiqi dostu var idi - saatsaz usta Zeynal. Mirzə hər gün nahardan sonra gedib, usta Zeynalın dükanında əyləşib onunla söhbət edərdi və söhbət əsnasında cibindən qozdan, fındıqdan, kişmişdən çıxarıb ortalığa tökərdi. Mirzənin cibləri çərəzdən boş olmazdı. Görürdünüz, yolla gedərkən dayanıb, cibindən bir qoz çıxarıb divarın daşına dayayıb, ağacının başı ilə sındırdı və yeyə-yeyə getdi.
Usta Zeynalın dükanında Mirzə qəzəllər oxuyub, sonra da oxuduğu qəzəlləri rus dilinə tərcümə edərdi. Usta Zeynal həmçinin bir arif kişi idi. O da gözəl şeirlər oxuyardı. O idi ki, Mirzə Səfərin onunla həmişə söhbəti tutardı. Dəftərxanada Mirzənin hörmətini gözlərdilər. Çünki sair mirzələr bir abbası, altı şahı hər işə gələndən rüşvət alardı, amma Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı və deyərdi: “Rüşvət almaq adamı qorxaq və gözükölgəli edər, rüşvət aldığın adamların hansını görsən, gərək ikiqat baş əyəsən... Nə lazım? Qulluğumda təmiz olaram, maaşıma qənaət edərəm, bir kəsə ehtiyacım olmaz, həmişə də başıuca gəzərəm, iyirmi beş manat məvacibim var, ayda bir on manat da evə gəlib ərizə yazdıranlardan qazanıram, bu da mənim başımdan girib ayağımdan çıxar”.
Mirzənin zamanında bazarda ucuzluq idi, yaxşı qoyun ətinin girvənkəsi dörd qəpik, çörəyin girvənkəsi iki qəpik, yağın pudu dörd manat idi. Mirzə qazandığı para ilə dolanıb oğlanlarına da tərbiyə verərdi. Dünyada təməllüq, yaltaqlıq nə olduğunu Mirzə bilməzdi. Bir bəyə, bir xana etina eləməzdi və deyərdi: “Nə vaxt qapılarına çörəyə getsəm, verməsinlər”.
Bir dəfə bir nəfər şəxs dəftərxanaya gəlib katibdən öz kağızından dolayı məlumat istəyir, katib cavab verir ki, kağızın Mirzə Səfərdədir, üzünü ağardar, apararsan. Şəxs Mirzəyə tərəf gəlr:
- Mirzə, mənim kağızımı, mümkün isə, yaz, aparın.
- Dayan, bu saat yazaram, əlimdə özgə iş var.
-Bilirsiniz, mən Həsən ağanın qohumuyam?
Mirzə qələmi əlindən buraxıb kişinin gözlərinin içinə baxdı.
- Doğrudan, Həsən ağanın qohumusan?
- Doğrudan.
- Vallah, doğru deyirəm.
- Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
- Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam.