Doğrusu, qorxdum ki, sənin mənə qeyzin tuta. Doğrusu, bilmədim salım, salmıyım; çünki yadımdan çıxdı səndən soruşum ki, kağızı qutuya salandan sonra durum qutunun yanında, ya qoyum gəlim evə. Fikirləşdim ki, əgər kağızı salım, durum qutunun yanında, havədəyədək durum. Axı qurbanın olum, xan, özün gördün ki, ulağı ac qoydum getdim, cücələri qıçı bağlı qoydum. Birtikə un gətirmişdim. Hələ indiyə kimi də qalıb burda. Xan, başına dolanım, qoy elə indi yaxşı vaxtdı, qoy nökər gəlsin, bu çuvalları götürək qoyaq evə, yağış-zad yağar, un islanar.
- Yox, Novruzəli, sənin işin yoxdu... De, de sonra necə oldu?
- Kağızı salmadım. Qutunun qapağını örtdüm, çəkildim durdum bir az kənarda. Əvvəl istədim, qayıdıb gəlib səndən soruşum, sonra, doğrusu, qorxdum, mənə qəzəbin tuta. Doğrusu, qorxdum öz könlündə deyəsən ki, Novruzəli çox heyvan adamdı, çox eşşək adamdı. Qərəz, çömbəldim divann dibində ki, bir az yornuğumu alım. Aha, gördüm ki, bir erməni uşağı, olardı bax bu boyda, olardı on iki-on üç yaşında, gəldi, getdi düz qutunun yanına, qapağını qalxızdı və sən mənə verdiyin kağız kimi bir kağız saldı qutuya, qapağını örtdü, üz qoydu getdi işinə. Nə qədər o nainsafı çağırdım soruşum ki, desin görək bəs kağızı qutuda qoyub hara gedir, bilmirəm dilimi anlamadı, nədi ki, heç cavab vermədi, heç zalım oğlu üzümə də baxmadı. Elə erməni uşağı uzaqlaşmışdı, bir urus arvadı tez-tez gəlib qutuya yavıqlaşıb bir kağız saldı, qoydu, getdi. Ta indi mən bir az ürəkləndim, ta dedim, vallah, görükən budu ki, elə bu qutuya salınan kağızlar gərək qalsınlar qutunun içində. Mən o qədər ürəkləndim ki, bismillah deyib, cürətnən getdim qutunun qapağını qaldırdım, kağızı saldım qutuya, çöndüm gəlim qulluğuna. Qutudan elə buradan ora kimi uzaqlaşmışdım ki, haman urus gəldi yetişdi qutunun yanına. Mən əvvəl elə bildim ki, bu da istiyir qutuya kağız salsın. Amma gördüm xeyr, hərifin fikri özgədi, qutunun yanından sağ əlini uzadıb qutunun içinə. Mən əlüstü duydum ki, hərif istəyir kağızları oğurlasın... Xan, çox başağrısı verirəm, məni bağışla, oğlana buyur gəlsin, məni yola salsın, bivaxtdı, gedib kəndə yetişə bilmənəm.
- A kişi, hələ hara qoyuram səni gedəsən. Nağıl elə görüm, sonra necə oldu?
- Bəli, başına dolanım, xan, qurban olsun sənə mənim yetim-yesirim! Sənsiz mənim bir günüm olmasın!.. Bəli, gördüm ki, hərif utanmaz-utanmaz kağızlan qutudan ehmallıca çıxartdı, dəstələyib vurdu qoltuğuna! Qutunun qapısını örtüb istədi düzəlsin yola. Mən tez qaçıb yapışdım urusun qolundan, qoymadım getsin. Dedim, ay aşna, hara apanrsan kağızları? Xalq səndən ötrü kağızları bura salmıyıbdı ki! Dinməz-söyləməz üzünün suyunnan xalqın kağızlarını qoy yerinə! Dedim, Novruzəli hələ ölmüyübdü ki, sən onun ağasının kağızını aparasan. Belə işlər yaxşı deyil, adam özgənin malına tamah salmaz. Məgər sizin şəriətdə oğurluq günah yazılmayıbdı?
Xan, məni çövür balalarının başına, məni mürəxxəs elə, qoyun gedim: bivaxtdı, hava qaranlıqlayır.
- Hələ tələsmə, gedərsən... Sonra necə oldu?
- Qoy görüm harda qaldım... Ədə, qoyma-qoyma, ulaq tənəkləri sındıracaq.
Novruzəli istədi qaçsın ulağın yanına, xan qoymadı.
- Novruzəli, getmə, hələ getmə. De görüm sonra necə oldu?
- Ta necə olacaq? Nə qədər yalvardım, yapışdım ki, mənim xanım məni öldürər. Dedim, ban mənim xanımın kağızını ver; illah dedi ki, vermənəm. Gördüm ki, hərif istəyir, qoya qaça. Vallah, hirs vurdu təpəmə, ikiəlli yapışdım kafirin çiynindən, bunu üzü üstə elə gətirdim yerə ki, heybətdən ağzı qanadı. Sonra nəçərnik divanxanasından saldatlar tökülüb məni döyə-döyə aparıb atdılar dama. Sənin qədəmlərinə belə mən qurban olum. Sən olmasaydın, məni indi çoxdan göndərmişdilər Sibirə, çünki damda məndən savayı, bir neçə dustaq vardı, mənə dedilər ki, o urus qulluq adamıdı. Ta... mən neyləyim? Xan, başına dolanım, di gör günah kimdədi?
Xan çox güldü, çox qah-qah çəkib güldü.