Ətəyimlə alca qanımı silməyincə,
Qol-bud olub yer üzünə düşməyincə,
Bircə oğlumun xəbərini almayınca
Kafir yollarından dönməyəlim!
Oğlanın anası belə dedikdə Qazanın ağlı başından getdi. Qara bağrı sarsıldı, ürəyi yerindən oynadı. Qaranlıq çökmüş gözləri qan-yaşla doldu. Dedi: “Əzizim, oğul gəlsəydi, səndən soruşardımmı? Qorxma, fikir eləmə, ovdadır. Ovda qalan oğul üçün
Xan qızı dedi: “Qazan, oğlanın ovda olduğuna onda inanaram ki, yorğun atınla, kütləşmiş nizənlə ardına düşəsən”.
Qazan geri döndü. Gəldiyi yol ilə də geri çapdı. Gecəni gündüzə qatdı. Oğlanın anası duymadan əlaltı buyurdu: “Doxsan dəstə gənc oğuz ardımca gəlsin! Bəylər, bilin ki, Uruz dustaqdır”, - dedi.
... O yerə gəldi ki, düşmən basılmışdı. Gördü oğlanın ala gözlü qırx igidi qırılmışdır. Oğlanın bədöy atı oxlanmış yatır. Meyitlər arasında oğlunu tapmadı. Qızıl dəstəkli qamçısını tapdı. Yəqin bildi ki, oğlu kafirlərə dustaqdır, ağladı:
Uca dağımın zirvəsi oğul!
Coşqun sularımın daşqını oğul!
Qocalığımda itirdiyim təkcə oğul! - dedi, hönkürdü.
Kafirin izinə düşdü. Kafir Dərbənddə sakin olmuşdu. Oğlana qara yapıncı geydirmişdilər. Eşikdə, qapı ağzında üzü üstə qoymuşdular. Girən-çıxan ayaqlayırdı. Fikirləşirdilər: “Köhnə düşmən əlimizə düşmüşkən əzabla öldürək!”
Qazan bəy yetişdi. Qonur atını oynatdı. Kafirlər Qazanın gəldiyini görüb təşvişə düşdülər. Kimi at minir, kimisi zirehli paltar geyir. Oğlan başını qaldırıb soruşdu: “A kafir, nolub?”. Kafir dedi: “Atan gəlib, tutmaq istəyirik”. Oğlan dedi: “Aman, ay kafir, aman! Tanrının birliyinə şübhə yoxdur!”
Kafirlər oğlana aman verdilər. Əlini-gözünü açdılar. Oğlan atasına qarşı gəldi, söylədi, görək, nə söylədi:
Bəri gəl, a bəy ata!
Haradan bildin dustaqlığımı?
Ağ əllərimin arxamda bağlandığını?
Ağ boynuma qıl sicimin taxıldığını?
Qaragözlü igidlərimin qırıldığını?
Sən gəlincə, ata, kafirlər danışdılar:
“Qonur atlı Qazanı tutun,
Ağ əllərini, qollarını bağlayın.