Novruzəli hər iki əlini açdı xanın qabağına, qorxa-qorxa kağızı aldı, bir az baxdı xanın üzünə, sonra çəkildi divara səmt və yerə əyilib istədi kağızı qoysun divarın dibinə. Xan ucadan dilləndi:
- Qoyma ora! Qoyma ora! Kağız çirklənər, tez apar sal qutuya, qoy gəl!
-Xan, başına dönüm, qoy bu ulağın başına torba keçirdim; heyvandı, ac qalmasın, yoldan gəlib.
- Yox, yox... Heç ziyanı yoxdu. Kağızın vaxtı keçir. Torbanı sonra keçirdərsən ulağın başına.
- Di elədə qoy ulağın qıçını bağlayım, yoxsa gedər həyətdə ağacları gəmirər.
- Yox, yox... heç eybi yoxdu, qaç tez, kağızı sal gəl!
Novruzəli kağızı ehmal qoydu qoynuna və genə dedi:
- Xan, qadam alım, bu xoruzlar qaldılar burda, heyvandılar, qoyaydın, qıçlarını açıb, bir az dən səpəydim bulara. Elə dən də gətirmişəm.
Novruzəli əlini saldı cibindən dən çıxarsın... Xan ucadan səsləndi:
- Yox, yox!.. Qoy hələ qalsın. Qaç, çaparaq kağızı sal poçta!
Novruzəli əl ağacını götürüb başladı uşaq kimi qaçmağa. Sonra bir zad fikirləşib qayıtdı və üzünü tutdu xana.
- Xan, qadam alım, dəsmalın içində yumurta var, gözdə-qulaqda olun, yoxsa ulaq ağnar, yumurtaları sındırar.
Xan daha ucadan səsləndi:
- Daha uzun danışma. Qaç kağızı sal; vaxtı keçir.
Novruzəli istədi uzaqlaşsın, xan onun dalınca çığırdı:
-Novruzəli, bilməzsən kağızı verərsən özgəsinə ha!.. Heç kəsə vermə, heç kəsə göstərmə! Tez sal qutuya, qayıt gəl!
Tez sal qutuya, qayıt gəl!
Novruzəli dəxi də ucadan cavab verdi:
- Niyə, mən uşaq deyiləm ki, kağızı özgəsinə verəm! Məni o qədər də xam bilmə. Heç nəçəmik də bu kağızı mənim əlimdən ala bilməz.
Novruzəli bu sözləri deyəndən sonra gözdən itdi... Xan girdi otağa və üzünü arvadına tutub şirin dillə dedi:
- Di hazırlaş, mənim gözümün işığı. Kağız yazdım İrəvana ki, otaqları sazlasınlar. İndi daha gedə bilərik. Maşallah, yaxşısan. Həkim özü deyir ki, havanı dəyişmək səndən ötrü lap vacibdi.
Bir qədər də arvadı ilə getmək barəsində söhbət edəndən sonra nökəri gəldi və xana dedi:
- Xan, bu ulaq kimindi, bu şeyləri kim gətirib?
Xan cavab verdi:
- Ədə, o şeyləri yerbəyer elə! Onlan bizə itqapanlı Novruzəli sovqat gətirib.
Nökər cücələri və yumurtaları apardı aşpazxanaya və ulağı sürüb qatdı töyləyə, qapısını örtdü, sonra gəlib un çuvalının birisinin ağzını açıb, içindəki undan bir çimdik götürüb, gətirdi tutdu xanın qabağına və dedi:
- Xan, yaxşı ağ undu.
Xan una baxandan sonra buyurdu nökərə küçə qapısını bağlasın və çörəyi çəkib gətirsin.
Çörəyin yeyilməyi iki saat çəkdi. Ancaq çörəkdən sonra Novruzəlinin kağızı poçta aparmağı xanın yadına düşdü. Xan nökəri çağırıb soruşdu və nökər cavab verdi ki, hələ kəndli poçtdan qayıtmayıb. Xan Novruzəlinin bu qədər yubanmağına təəccüb elədi və fikrinə gəldi ki, bəlkə, Novruzəli kağızı poçta salıb özünü verdi bazara çörəkdən-zaddan alıb yesin və yainki bazarlığı-zadı var, eləsin. Bir saat da keçdi, Novruzəli gəlmədi.
Xan nökəri çağırıb dedi ki, getsin poçta səmt və görsün harda qaldı Novruzəli və nə bais oldu ki, bu qədər yubandı. Yarım saat keçməmiş nökər qayıdıb cavab verdi ki, kəndlini görə bilmədi. Xan çıxdı balkona və bir papiros yandırıb başladı var-gəl eləməyə. Dəxi ona aşkar