TƏNQİDİ REALİZM VƏ ROMANTİZM DÖVRÜ
bölməsi üzrə
CƏLİL MƏMMƏDQULUZADƏ
Poçt qutusu
Noyabr ayının 12-cı günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axınncı dəfə xanın naxoş övrətini yoluxub cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə; çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri-mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:
“Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan, bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə, peçləri yandırsınlar ki, otaqların havası piş əz vəqt təmizlənsin və isinsin, bəlkə, naxoş üçün oradan narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!
Sənin xeyirxahın Vəli xan. 12 noyabr”.
Xan kağızı bükdü qoydu paketə, üstünü yazıb və markasını yapışdırıb istədi nökəri çağırsın ki, aparıb salsın poçta; amma tez xanın yadına düşdü ki, nökəri göndərib özgə işə. Bu heyndə qapı döyüldü. Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi, “İtqapan” kəndinin əhli Novruzəlidi. Bu şəxs çox vaxt xanın yanına gəlib-gedər və hər gələndə olmaz ki, undan, əriştədən, baldan, yağdan gətirməsin. Bu səfər də Novruzəli əliboş gəlməmişdi; çünki xanı görcək əl ağacını dayadı qapının bucağına və başladı qapının o biri tayını açmağa. Qapını açıb bir yüklü ulağı sürdü həyətə “çoçi-çoçi” deyə-deyə və yükün arasından üç-dörd toyuq-cücəni çığırda-çığırda yerə qoyub, yükü açıb dolu çuvalları saldı yerə və xanın üzünə baxıb ikiqat əyilib salam verdi. Xan salamı alıb dedi:
- A kişi, Novruzəli! Bu nə zəhmətdi çəkmisən?
Novruzəli çuvalların kəndirini aça-aça cavab verdi:
-Bu nə sözdü, ay xan? Mən ölənə kimi sənə qulam...
Bu sözü deyə-deyə Novruzəli başladı üstünün tozunu silməyə... Çünki günortadan bir saat keçirdi və ola bilərdi ki, poçtun vaxtı keçsin, xanın ağlına belə gəldi ki, yazdığı məktubu versin Novruzəli aparıb salsın poçta.
Xan üzünü tutdu qonağa:
- Novruzəli, poçtxananı tanıyırsan?
Novruzəli cavab verdi:
- Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi?
- Çox əcəb, nəçərnik divanxanasını ki tanıyırsan?
- Bəli, xan, başına dönüm, tanıyıram, niyə tanımıram. Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi katda çox incidir. Əslinə baxsan, bizim bu katdamız özgə tayfadandı; odu ki bizi görməyə gözüyoxdu. Keçən həftə mənim iki buzovum itmişdi. Getdim...
- Hələ bu sözləri sonra deyərsən. Qulaq as, gör nə deyirəm: nəçəmik divanxanasının qabağında bir yekə dam-daş var, qapısının ağzında bir qutu vurulub divara, haman qutu poçt qutusudu. O qutunun bir xırda və uzun qapağı var. Bu saat apar bu kağızı, haman qutunun qapağını qovza, kağızı sal qutunun içinə, qapağını yatırt və tez qayıt gəl!