Fəraqət oturub hər kəs bir işdə,
Nə yazda yandıq, nə də ki qışda;
Ya Rəbb, neyləmişdik, bu dağılmışda,
Haram oldu bizə bir qarış torpaq?!
Çəkilib köksümə dağlar, düyünlər,
Kafirə olmasın nəsib bu günlər.
Qınamasın məni könlübütünlər,
Fikrim dağınıqdır, xatirim övraq.
Gərçi vilayətdə çox idi əhval,
Müyəssər olmadı, şərh edəm əlhal.
Bir parasın yazıb eylədim irsal,
Bu şərt ilə nə diş bilsin, nə dodaq.
AŞIQ ƏLƏSGƏR
Yaylaq
Könlüm qaranquştək uçub qoynuna,
Gəzir hər yamacı, hər yalı, yaylaq!
Ruhum təzələnir, məst olur ürək,
Görəndə bu çağı, bu halı, yaylaq!
Kəkotu, qırxbuğum, qaymaqçiçəyi,
Bənövşə, qantəpər, qızlar örpəyi,
Qoyun mələşməsi, çoban tütəyi,
Çəkir uzaqlara xəyalı, yaylaq!
Qırxqız, Alaqaya, Çilgöz, Nanşlar,
Murov, Uzunyoxuş, Dəlidağ, Qoşqar!
Hansı oğul, deyin, sizi unudar?!
Düşərmi el sizdən aralı, yaylaq?!
Ələsgər köynəkdən çıxartsın sazı,
Yenə cuşa gəlsin eşqi, avazı,
Tərifləsin allı-yaşıllı yazı,
Unutma bu böyük kamalı, yaylaq!