Bir hayqırsam, polad qollar boşalar,
Düşmanlar əlimdən çəkər haşalar,
Öldürək xotkarlar, qıraq paşalar,
Meydanı məhşərə döndərək, hoydu.
Söz elə təzəcə tamam olmuşdu ki, qoşunun dal tərəfindən nərə səsi gəldi. Koroğlu da, Hasan paşa da - hər ikisi geri döndü. Koroğlu baxdı ki, Dəli Həsən üç min dəli ilə daldan özünü vurdu Hasan paşanın qoşununa. Koroğlu qaldı məəttəl ki, bu necə olan işdi. O, əvvələvvəl elə bildi ki, Dəli Həsən Hasan paşanın köməyinə gəlir. Baxdı ki, kömək nədi? Dəli Həsən bir suiçim saatda Hasan paşanın qoşununu qatım-qatım qatlayıb ağnatdı bu tərəfə. Dava qızışdı, nə qızışdı. Dəli Həsən qızğın davada qışqırıb dedi:
- Ayə, Dəmirçioğlu, vur!.. Qabaq sənin, dal mənim. Görək kim tez qurtaracaq.
Dəmirçioğlu sözü eşitcək qılıncı atdı yerə. Əl eləyib belindən kotan zəncirini açdı:- Dəli Həsən, mənim dəstəm xırdadı. Görürəm ki, zənciri tovlamasam, səndən geri qalacağam. Ya mədəd!
Zənciri başladı hərləməyə. Qabaq kəsildi, dal kəsildi. Ortada da Koroğlu özü. Qoşun başladı sağa, sola yayılmağa.
Eyvaz Hasan paşanın qoşununu belə görəndə qalxdı ayağa. Atı minib bəndərgahlardakı dəlilərə hay vurdu. İki min dəli də Eyvazla sol tərəfdən təpildi qoşuna. Koroğlu işi belə görəndə Qıratı cövlana gətirdi.
Hasan paşa gördü iş şuluqdu. Belə getsə, buradan bir nəfər adam qurtara bilməyəcək. Odu ki hərci badabad deyib atın başını döndərdi, bir dəstə qoşunla Koroğluya hücum elədi. Koroğlu Misri qılıncı çəkib onlan qabaqladı. Di bir sağa vurdu, bir sola vurdu, qoşunun ağzını sındırıb qaçağa saldı. Axır ki, qoşun davam gətirə bilməyib təslim oldu. Koroğlu hay vurub davanı dayandırdı. Hasan paşanın özünü də əsirlərin qabağına salıb Çənlibelə gətirdi. Ondan üzün dəlilərə tutub dedi:
- Hanı Dəli Həsən?
Dəli Həsən dəlilərin içindən çıxıb Koroğlunun qabağına gəldi. Yetişəndə qılıncın çıxardı, iki əllərinin üstündə tutub Koroğlunun qabağında diz çökdü. Dedi:
- Qoç Koroğlu, hər şeydən qabaq mənim böyük bir taqsırım var. Gərək ondan keçəsən. Mən sənə xəbər verməmiş bəndərgahlan boşaldıb, dəliləri götürüb getmişdim. Amma onu deyim ki, mən qəsdən belə eləmişdim. Hasan paşanın qoşun ilə gəlməyini keşikçilər axşamdan mənə dedilər. Onun qoşunu necə yerbəyer eləməyini, necə pusqu düzəltdiyini mən görmüşdüm. Qorxdum ki, işi sənə xəbər versəm, Çənlibelə səs düşə, düşmən işi bilə, fikrini dəyişə. Odu ki səssiz-səmirsiz dəstəni götürüb gecə ilə onlann dalında pusquya girdim.
Koroğlu dedi:
- Afərin. Mən elə belə də fikirləşirdim. Mən indi sənin bugünkü işinin əvəzini vermək istəyirəm.
Ondan üzün tutdu Hasan paşaya. Dedi:
-Hasan paşa, sən mənimyolumda bir qızın Dona xatını keçəl Həmzəyə verdin. Bir qızın Dünya xanımı da Bolu bəyə vermək istəyirdin, ancaq İsabalıya qismət oldu. Eşitdiyimə görə, sənin bir qızın da var, Bulğar xanım adında. Onu gərək Dəli Həsənə verəsən. Götür bu saat bir namə yaz, göndər, Bulğar xanım gəlsin buraya. Qorxma, bizdə bir qayda var ki, hərə öz istədiyinə gedir. Bəyənər, gedər, bəyənməz, genə də sənin qızındı. Səninlə birinci şərtim budu.
Hasan paşa dedi:
- De görüm, ikinci şərtin nədi?
Koroğlu dedi:
- Hələ sən naməni yaz, ver, sonra da ikinci şərtimi deyəcəyəm.