Koroğlu ətrafına nəzər salıb gördü qoşun getdikcə irəliləyir. Lap üzük qaşı kimi qalıblar arada. Dedi:
- Hasan paşa, özün bilirsən ki, neçə dəfələrlə mənim əlimə fürsət düşüb, amma səni öldürməmişəm. Sən elə bilmə ki, mən səndən qorxmuşam, ya öldürə bilməmişəm. Yox, mən səni bax bu gün üçün saxlayırdım. İndi ya sənə verən Allah, ya mənə.
Koroğlu bunu deyib istədi ata tərəf getsin. Hasan paşa hökm elədi, başındakı adamlar birdən siyirməqılınc töküldülər onun üstünə. Dəli Mehtər istədi dəlilərə hay vursun, Koroğlu əl elədi ki:
- Dayan!
Ondan döndü, paşaya dedi:
- Hasan paşa, gəl bu qoşunu qırdırma! Sən də atını min, mən də. Bu meydanda vuruşaq. Ya sən məni öldür, ya mən səni. Bununla da davamız qurtarsın.
Hasan paşa dedi:
- Bunlar hamısı qorxaqlıqdandı. Mən sənin fikrini başa düşürəm. Sən bizi yubatmaq istəyirsən. Ancaq keçmiş ola. Xotkarın fərmanı budu ki, sənin ya başını aparam, ya özünü. Hasan paşa bunu deyib birdən başının adamlarına hay vurdu ki:
- Tutun, bağlayın qollarını!
Adamlar töküldülər. Koroğlu əlindəki şeşpəri tovlayıb bir sağa hərlədi, bir sola hərlədi, özünə yol açıb çıxdı. Dəli Mehtər Qıratı buraxdı. At bir dəfə fınxırıb dördəmə özünü yetirdi Koroğluya. Koroğlu qızılquş kimi sıçrayıb atın belinə düşdü, bir dəli nərə çəkib özün vurdu qoşuna.
Hasan paşa da hay vurdu, qoşun dörd tərəfdən töküldü. Koroğlu üzün Yağı qoruğuna tərəf tutub dedi:
Mərd igidlər, dava günü gəlibdi,
At sürüb meydana çıxan gündü bu.
Müxənnətlər tər savaşa varıbdı,
Vuruban atından yıxan gündü bu.
Comərd igid heç qaçarmı meydandan?
Qılınc çəkib hayıf alaq düşmandan,
Qorxaq kəslər boyun əyib pünhandan
Sinilib xəlvətdən baxan gündü bu.
Qoç Koroğlu, qılınc götür dəstinə,
Müxənnət paşalar dolub qəsdinə,
Qan düşman hücum edib üstünə,
Nizəni gözünə soxan gündü bu.
Dəmirçioğluya elə bir işarə bəs idi. Hay vurdu, dəlilər siyirməqılınc töküldu qoşunun üstünə. Hasan paşa işi belə görəndə hay vurdu ki, qoşun o tərəfə yerisin.
Koroğlu dedi:
-Hasan paşa, görürsən ki... Bax indi sən mənim əlimdəsən. Bir həmlədə səni yerlə yeksan elərəm. Amma ki dəymirəm. Qoşununa sərkərdəlik elə.
Dava qızışdı. Koroğlu dəliləri davada görəndə ürəyi telləndi. Dedi:
Dolun at belinə, qoç dəlilərim,
Xotkan taxtından endirək, hoydu!
Talayaq mülkünü, alaq canını,
Evini başına endirək, hoydu!