- Əziz olasan. Mən elə bilməsəydim, heç Toqatdan durub buraya gəlməzdim. Mən bilirdim ki, sən mərd adamsan. Məni bu qoca vaxtımda başıaşağı eləməzsən.
Koroğlu dedi:
- Allah eləməsin. Başıaşağı düşmənin olsun. Buyurun, gedək! Ayə, Dəli Mehtər, qonaqlara yol göstər!
Hasan paşa dedi:
- Yox, Koroğlu, gəl elə biz söhbəti indi buradaca eləyək. Eybi yoxdu. Elə getmiş kimi varıq. Vaxt olar, inşallah, Çənlibelə də gedərik. Bir də mən Çənlibelə belə getmək istəmirəm. Oraya, Allah qoysa, mən gərək başqa cür gedəm.
Koroğlu hərifin sözlərini başa düşdü. Ürəyində dedi: “Ay sənin o meyidini görüm. Allah qoysa, səni Çənlibelə mən öz istədiyim kimi aparacağam”.
Koroğlu Hasan paşa ilə danışa-danışa ətrafa nəzər yetirdi. Gördü qoca tülkü qoşunu elə gizlədib ki, bir nəfərinin də başı görsənmir.
Hasan paşa dedi:
- Düş, Koroğlu! Düş, elə söhbətimizi bu bulağın başında eləyək.
Koroğlu bir yoldaşlarına baxdı, başa düşdü ki, heç kəs onun atdan düşməyinə razı deyil. Heç, əslinə baxsan, belə yerdə atdan düşmək ağıllı iş də deyildi. Amma ki Koroğlu bunu öz qeyrətinə sığışdıra bilmədi. Fikirləşdi ki, əgər atdan düşməsəm, deyərlər qorxdu. Odu ki elə birdən aşırılıb atdan düşdü, yüyəni Dəli Mehtərə verib özü Hasan paşanın yanına gəldi. Koroğlu elə cəld atdan düşdü ki, dəlilər heç bir şey eləyə bilmədilər. Durub gözləməyə başladılar.
Bəli, elə ki Koroğlu ilə Hasan paşa bulağın başında qabaq-qabağa əyləşdilər, Hasan paşa sözə başlayıb dedi:
- Koroğlu, məni xotkar sənin yanına göndərib. Bəsdi bu qədər xotkara düşmən oldun. İstəyirəm, xotkarla səni barışdıram. Xotkar deyir, o mənim böyük oğlum, Bürcü Sultan kiçik oğlum. İstəyir, köçüb yanıma gəlsin, istəyir elə Çənlibeldə otursun. İstəyir, bütün qoşun sərkərdəliyini ona tapşırım. Sən də day uşaq deyilsən. Bilirsən ki, bu işin axın yoxdu. Cavanlıq idi, elədin, necə deyərlər, day həvəsdi, bəsdi. Gəl bu daşı ətəyindən tök. Elə buradan birbaşa mənimlə gedək İstanbula, qurtarsın getsin.
Koroğlu dedi:
- Hasan paşa, adam var, dil işlədər, adam var, əl işlədər. Mən indiyə kimi əl işlətmişəm. Odu ki dildə sənin kimi yağlı-yağlı kəsib doğraya bilməyəcəyəm. Mən sözü bir dəfə deyərəm. Onu da dəyişmərəm. Nə qədər ki bu dünyada mən varam, xotkar var, mən ona düşmənəm. Siz elə bilməyin ki, mən sizin işlərinizi bilmirəm. Xotkar səni buraya niyə göndərib, sən buraya necə gəlmisən, hamısı mənə bəllidi. Mən Koroğluyam. Məni aldatmaq, tora salmaq olmaz. Əlim, ayağım dəyməmiş qoşununu da götür, çıx burdan get! Mən xotkara da düşmənəm, sənə də.
Bunu deyib Koroğlu durdu ayağa, Hasan paşa da durdu. Amma Koroğlunun gözü ətrafda idi. Hasan paşa nə elədi, nə cürə xəbər verdisə, Koroğlu bir də baxdı ki, dörd bir ətrafdan qoşun qalxdı ayağa.Yavaş-yavaş başladılar yeriməyə. Koroğlu gördü ki, hə, necə fikirləşmişdisə, eləcədi. Hasan paşa onu salıb qoşunun düz ortasına. Özü də qoşun nə qədərdi? Adam elə bil göbələkdi, yerdən çıxır. Bir suiçim saatda dörd bir tərəf oldu adam. Koroğlu bir belə baxdı, dedi:
- Hasan paşa, sən deyirdin ki, mən xotkann böyük oğluyam. Yaxşı, bəs oğulu atanın yanına aparmaq üçün bu qoşun, bu sursat, bu cəbbəxana nəyə lazımdı?
Hasan paşa dedi:
- Koroğlu, sən indi mənim əlimdə əsirsən. Burada on beş min qoşun var. Min canın olsa, biri mənim əlimdən qurtarmayacaq. Gəl nahaq qana bais olma! Öz xoşunla təslim ol!