Koroğlu qalxıb tutdu onun boğazından ki:
- Sən nə danışırsan?
Dəli dedi:
- Can Koroğlu, məni niyə öldürürsən? Mən işin olanın sənə deyirəm. İnanmırsan, adam göndər, yoxlatdır.
Tez dəlilərdən bir neçəsini göndərdilər. Xəbər gəldi ki, bəs deyilən doğrudu. Nə Dəli Həsən var, nə də ki dəlilər. Koroğlunun gözləri döndü qan çanağına. Elə oldu ki, day bir adam cürət eləyə bilmədi ağzını açıb bir kəlmə dinə. Nigar xanım işi belə görəndə durub gəldi qabağa. Dedi:
- Koroğlu, belə dayanmaqdan bir şey çıxmaz. Olan olub. İndi bir tədbir görmək lazımdı. De görək nə eləyək. Düşmən kəsib qapının ağzını.
Koroğlu elə bil yatmışdı, oyandı. Durdu ayağa. Amma durdu, nə durdu. Elə qalxdı ki, elə bil Qaf dağı gurultu ilə yerindən oynadı. Elə bircə bunu dedi ki:
- Neynək. Qoy olsun.
Sonra üzün Eyvaza tutdu, dedi:
- Dəlilərdən iki min götürüb kəsərsən bəndərgahlan. Onu-bunu bilmirəm. Çənlibelə bir adam buraxsan, başını özüm kəsəcəyəm.
Ondan döndü Dəli Mehtərə, dedi:
- Dəlilərdən yetmiş nəfər götür. Hasan paşanın qabağına gedəcəyik.
Koroğlunun bu sözündən dəlilər qaynamağa başladılar. Koroğlu baxdı ki, dəlilər buna razı deyillər. Amma qorxudan da bir adam cürət eləyə bilmir ki, danışsın, dedi:
- Tez olun! Gərək Hasan paşa başa düşməsin ki, biz onun işdəklərini bilmişik. Sonra üzünü tutdu Dəmirçioğluya, dedi:
- Qorxmursan ki?
Dəmirçioğlu güldü, dedi:
- Can Koroğlu, sən rüsxət ver, onlan kotan zənciri ilə Toqatacan qovlayım. Qorxmaq nədi?
Koroğlu dedi:
- Hazırla zəncirini! Yerdə qalan dəlilərin hamısını götürüb kəsərsən Yağı qoruğunun bəndərini. Elə ki mən dava başladım, özünü vurarsan qoşuna. Yabudu gərək hamımız qınlaq, ya budu gərək Çənlibelə düşmən ayağı dəyməyə. Amma dəstənin içinə qorxaq adam buraxma. Araya pərxaşlıq salar.
Qərəz, Koroğlu elə ki deməlisini dedi, tapşırılmasını tapşırıb qurtardı, atı mindi, Dəli Mehtəri də yetmiş dəli ilə götürüb düzəldi yola.
Çənlibel dəydi bir-birinə. Eyvaz hay vurdu, iki min dəli belə ayrıldı. Dəmirçioğlu hay vurdu, iki min dəli belə ayrıldı. İşi belə görəndə xanımlar da qalxdılar ayağa. Qılınc götürdülər, altdan geyinib üstdən qıfıllandılar. Eyvaza qoşulub bəndərgahlara çıxdılar. İndi hərə öz işində olsun, bir görək Koroğlugil nə elədilər.
Koroğlu dəlilər də yanında gəlib çatdı elçinin dediyi bulağın yanına. Koroğlu elə gedirdi ki, guya heç bir şeydən xəbəri yoxdu. Bulağa bir az qalmış baxdı ki, budu necə elçi demişdi, olar yüz, yüz əlli adam əyləşiblər burada. Elə ki Koroğlugili gördülər, hamısı qalxdılar ayağa. Koroğlu da gəlib çatdı. Ucadan bir xoşgəldin eləyib soruşdu:
-Bəs hanı xan?
- Koroğlu, xan yoxdu, gələn paşadı. Sənə mən zəhmət vermişəm. Ancaq məni gərək bağışlayasan. Mən qorxdum ki, sən gəlməyəsən, sənin dostun Ələmqulu xanın adını verdim.
Koroğlu dedi:
- Gəlmisən, lap yaxşı eləmisən. Qonaq ki var, bizim əzizimizdi, iki gözümüzdü. Buyurun, gedək! Hamınıza gözümüz üstə yer var.
Hasan paşa dedi: