Hazırlıq başlandı. Qoyun kəsən kim, ocaq yandıran kim, atını tumarlayan kim, elə oldu ki, elə bil Çənlibel toya hazırlaşır. Koroğlu tez bir adam qaçırtdı Dəli Həsənin yanına ki, bəs əhvalat belədi. Qonaq gəlir. Tez gəlsin. Ondan üzünü tutdu elçiyə ki:
- Yaxşı, xan nə vaxt gələcək?
Elçi dedi:
- Qoç Koroğlu, xan gəlib. Mən onlan Çənlibelin üç ağaclığındakı bulağın başında qoyub gəldim. Dedilər ki, biz Koroğlunu burada gözləyəcəyik.
Koroğlu qalxdı ayağa ki:
- Evin yıxılsın, bəs səhərdən niyə bunu mənə demirsən? Kişinin yanında biabır olduq. De görüm, neçə nəfərdirlər?
Koroğlu hay vurdu yeddi yüz dəli atlansın. Özü də Dəli Mehtəri səslədi ki, Qıratı gətirsin. Bəli, dəlilər atlandı. Qırat gəldi. Koroğlu ayağını qoydu üzəngiyə ata minsin, nə fikirləşdi, nə fikirləşmədi, birdən üzünü Bəlli Əhmədə tutub dedi:
- Bəlli Əhməd, mən qayıdınca elçinin əlinə-ayağına zəncir vurub göz altında saxlarsan. Bəlli Əhməd “baş üstə” deyib o saat bir ağır kotan zəncirini saldı elçinin boynuna. Elçi işi belə görəndə qışqırdı.
- Bu nədi? Mən bu saat gedib xana deyəcəyəm. Qonağın elçisini də zəncirə vurarlar? Bəlli Əhməd dedi:
- Ayə, narahat olma! Bu bizim qaydamızdı. Elə ki Koroğlu qayıdıb gəldi, ondan sonra səni lap yuxarı başda oturdacağam.
Elçi başladı dartınıb-çırpınmağa ki:
- Mənə heç bir şey lazım deyil. Bu saat məni buraxın, mən çıxıb gedirəm.
Koroğlu nə fikirləşdi, nə fikirləşmədi, birdən Misri qılıncı çəkib cumdu elçinin üstünə, tutdu onun boğazından ki:
- Bu saat de görüm, sən kimsən? Buraya nəyə gəlmisən? Yoxsa başını bədənindən ayıracağam.
Elçi işi belə görəndə düşdü Koroğlunun ayaqlarına ki:
- Amanın bir günüdü, Koroğlu! Bir qələtdi eləmişəm əcdadım ilə. Mənə yazığın gəlsin.
Bir sürü külfətim var. Aman ver, deyim.
Koroğlu dedi:
- Amandı, de! Amma yalan desən, vay halına!
Elçi dedi:
- Vallah-billah, bircə kəlmə yalan desəm, hər nə bilirsən elə! Necə ki var, düzünü deyəcəyəm. Amma gərək söz verəsən ki, məni buraxacaqsan.
Dəlilər, xanımlar hamısı mat-məəttəl qaldılar ki, görəsən, bu nə sirdi. Koroğlu dedi:
- Dedim sənə ki, amandasan. Danış!
Elçi başladı ki:
- Can Koroğlu, mən səhərdən hər nə demişəmsə, hamısı yalandı. Mən heç bilmirəm ki, Ələmqulu xan kimdi. Məni buraya göndərən toqatlı Hasan paşadı. Budu, on beş min qoşun ilə gəlib sənin üstünə. Bu adla istəyir ki, səni aparıb qabaqca özünü tuta, sonra da Çənlibelə yeriş eləyə.
Koroğlu qayıdıb oturdu, dedi:
- Yaxşı, bəs qoşun hardadı?
Elçi dedi:
- Biz buraya axşam çatmışıq. Gecə ilə qoşunu bəndərgahlarda gizlədib, özü yüz-yüz əlli adamla səni bulaq başında gözləyir.
Koroğlu getdi fikrə. Elə bu dəmdə Dəli Həsənin dalınca gedən adam başılovlu gəldi ki:
- Hər yeri ələk-vələk elədim. Nə Dəli Həsən var, nə də dəlilər.. Bütün bəndərgahlar da boşdu.