Qazan əsəbiləşdi, geri döndü. Dedi: “Bəylər, Tanrı mənə bir fərsiz oğul vermişdir. Gedək, onu anası yanından götürək, qılıncla parçalayaq, altı parça edək, altı yolun ayrıcına ataq. Bir daha kimsə çöllük yerdə yoldaş qoyub qaçmasın!” Sonra Qonur atını dizləri ilə vurub yola düşdü...
Xan qızı Boyu uzun Burla xatun Qazanın gəldiyini eşitdi. Atdan ayğır, dəvədən buğra, qoyundan qoç kəsdirdi. “Oğlancığımın ilk ovudur, ovu qanlı oğuz bəylərini qonaq edim!” - dedi. Xan qızı gördü ki, Qazan gəlir, özünü yığışdırıb yerindən cəld durdu... Qazanın qarşısına gəlib üzünə san baxdı. Sağına-soluna göz gəzdirdi. Oğlu Uruzu görmədi. Qara bağın sarsıldı, ürəyi yerindən oynadı, qara qıyma gözləri qanyaşla doldu. Qazana söyləmiş, görək, nə söyləmiş:
Bəri gəl, Salur bəyi, Salur yaraşığı,
Başımın bəxti, evimin taxtı!
Xan atamın kürəkəni,
Xanım anamın sevimlisi,
...İgid bəyim Qazan!
Qalxıb yerindən sən durdun,
Oğlunla gözəl qara yallı Qazlıq atını mindin.
Boynu uzun vəhşi ceyranı vurub yıxdın,
Sən atını yüklətdin, geri döndün.
İki getdin, bir gəlirsən, balam hanı?
...Asılan uçurum qayalardan,
Qazan, oğlumu uçurdunmu?
Qamışlıqların aslanına yedirtdinmi?
Ağ əllərini qollarından bağlatdınmı?
Dörd yanına baxdırdınmı?
Dil-damağını qurutdunmu?
Qara gözündən acı yaşını axıtdınmı?
“Xanım ana! Bəy ata!” - deyib ağlatdınmı?
Bir daha söyləmiş:
Qarşı yatan uca dağdan
Bir oğul uçurdunsa, de mənə,
Külünglə yıxdırım!
Coşğun axan yüyrək sudan
Bir oğul axıtdınsa, de mənə,
Mənbəyini-mənsəbini dağıdım!
Azğın dinli kafirlərə
Bir oğul tutdurdunsa, de mənə;
Xan atamın mən yanına gedim,
Böyük qoşun, bol xəzinə alım,
Yaralanıb Qazlıq atımdan enməyincə,