AZƏRBAYCAN ƏDƏBİYYATINDA
ERKƏN REALİZM DÖVRÜ
bölməsi üzrə
“Hasan paşanın Çənlibelə gəlməsi” qolu
(“Koroğlu” dastanından, ixtisarla)
Qasid qasidin dalına düzülmüşdü. Xotkara gündə bir xəbər gəlib çatırdı. Özü də bir-birindən qara, bir-birindən bəd xəbərlər: Bolu bəyin ölməyi, Ərəb Reyhanın ölməyi. İndi də xəbər gəlib çatmışdı ki, Koroğlunun oğlu tapılıb gəlib. Özü də necə oğul? Elə bir bundan hesabını apar ki, Koroğlunun özünü iki dəfə yıxıb.
Bu xəbəri eşidəndən sonra xotkarın əli lap yerdən-göydən üzüldü. Tez bir qasidi bir namə ilə göndərdi Hasan paşaya ki, “gərək əlində yağ da daşsa, qoyub özünü mənə yetirəsən”.
Hasan paşa namədən hali olub qaldı mat-məəttəl ki, necə eləsin? Getsin, necə getsin? Getməsin, necə getməsin? Çox götür-qoydan sonra baxdı ki, getməkdən başqa çarəsi yoxdu. Tədarük görüb İstanbula yola düşdü.
Xotkar Hasan paşanı görcək elə birinci sözü bu oldu:
- Hasan paşa, bir mənə de görüm nəyi gözləyirsən? Gözləyirsən, Koroğlu gəlib səni Toqatda, məni də İstanbulda öldürsün?!
Hasan paşa dilini saldı işə. Min yerdən min bəhanə gətirdi. Ancaq heç biri bir quruşa dəymədi. Xotkarın axırıncı sözü bu oldu ki:
- Hasan paşa, bilmirəm. Sənə qırx gün möhlət verirəm. Ya budu ki, gərək Çənlibeli dağıdıb Koroğlunun başını gətirəsən, yabudu ki, qırx birinci gün sənin özünü dar ağacından asdıracağam.
Hasan paşanın qüdrəti qalmadı ki, bircə kəlmə kəsə. Ordan durub birbaş gəldi Toqata. Qoşun böyüklərini yığıb başladı hazırlığa. İndi Hasan paşa burada hazırlaşmaqda olsun, sənə deyim Aşıq Cünundan.
Aşıq Cünun bütün bu şeylərin hamısını cikindən-bikinə kimi əl altından öyrənib, daban aldı Çənlibelə. Əhvalatı, necə ki biz bilirdik, eləcə Koroğluya danışdı. Koroğlu dedi:
- Eybi yoxdu. Siz öz işinizdə olun! Qoyun gəlsin. Hasan paşa ilə də burada görüşərik.
Bu sözdə Dəli Həsən yeridi qabağa, dedi:
- Koroğlu, özünə çox da arxayın olma. Buna Hasan paşa deyərlər. Bu nə Bolu bəyə bənzəməz, nə də Ərəb Reyhana. Qoy biz də hazırlaşaq.
Dəlilər də, xanımlar da hamısı Dəli Həsənin fikrini bəyəndilər. Axırda belə oldu ki, Dəli Həsən dəlilərin üç min say-seçməsini ayırıb Çənlibelin Toqat baxarındakı bəndərləri tutdu. Başladılar Hasan paşanı gözləməyə.
Bir gün keçdi, beş gün keçdi, on beş gün keçdi, Hasan paşadan xəbər çıxmadı.
Günlərin bir günü səhər tezdən Koroğlu bir də baxdı ki, budu, keşikçi bir adam gətirir. Gəlhagəl, gəlhagəl, Koroğlu baxdı ki, bu adam elçi paltarındadı. Soruşdu:
- Kimsən? Nə istəyirsən?
Elçi ədəb salamını yerinə yetirib dedi:
- Qoç Koroğlu, mən sənin dostun Ələmqulu xanın qasidiyəm. Gəlmişəm, sənə xəbər verəm ki, Ələmqulu xan öz başının adamları ilə sənə qonaq gəlir.
Koroğlu dedi:
- Xoş gəlir, səfa gətirir. Hər kim mənə qonaq gəlsə, gözümün üstündə yeri var.
Ondan Dəmirçioğlunu, Eyvazı, bir də Gürcüoğlu Məmmədi çağırdı ki:
- Tez olun, hazırlıq görün! Gərək Ələmqulu xam elə qarşılayaq ki, Gürcüoğlu Məmmədin, bir də Ruqiyə xanımın başı aşağı olmasın.