Şah gördü ki, düz deyir, bildi, nədir haqsızlıq,
Qoca tamam haqlıdır, özündədir haqsızlıq.
Dedi: “Alın kəfəni, bu kafuru qocadan,
Xələt verin, müşk səpin, razıyam bu qocadan”.
Zülm etmədi, el bundan agah oldu o gündən,
Xalqı sevən, insaflı bir şah oldu o gündən.
Öz düzlüyü kimsəni verməz bada dünyada,
Düz sözüylə kimsəyə yetməz qada dünyada.
Doğruluqla köməkdir hər bir ərə Yaradan,
Doğru ol ki, yetirsin hər zəfərə Yaradan.
Əzəl gündən qiymətli bir incidir doğru söz,
Acısıyla könüllər sevincidir doğru söz.
Doğru sözə bağlıdır öz qüdrətin həmişə,
Qoy qüdrətdən güc alsın söz qüdrətin həmişə.
El gözündə Nizami ucalıbdır düzlükdən,
İlhamına, qəlbinə güc alıbdır düzlükdən.
Tərcümə edən: S.Rüstəm
MƏHSƏTİ GƏNCƏVİ
Rübailər
Bazara getmişdim bir cümə günü,
Gördüm, kəklik alıb sann üstünü.
Tez-tez deyir ona: “Cəfa verənin
Bir gün belə qalxar göylərə ünü”.
Xalqın başında gər olsan da bir tac,
Ağladar səni də bir gün ehtiyac.
Xalqın dərdinə qal, ona yaxın ol,
Qorx o gündən, özün olasan möhtac.
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər.
Yolda darğa mənə rast gəldi dünən,
Əlində tutduğu çubuqla bərkdən
Döyürdü qəzəblə o, bir qadını,
Tamaşa edirdi hər yoldan ötən.
Hünərin səfası acıdır müdam,
Odur hünər suyu içmir bir adam.
Alçaq adamların cəhalət odu
Hünəri küləyə vermişdir tamam.