Məruzənin yazılı mətninin hazırlanması işin bir tərəfidir. Məruzənin uğurlu olub-olmaması həm də sizin şifahi nitqinizdən - yazdığınız mətndən necə istifadə etməyinizdən, dinləyicilər qarşısında çıxışınızdan çox asılıdır. Şifahi nitq üçün dinləyicilərin asan qavrayacağı yığcam, sadə cümlələrdən istifadə daha faydalıdır.
Bu tələblərə cavab vermək üçün sizin şifahi nitqiniz düzgünlük, yığcamlıq, məntiqilik, ardıcıllıq, sadəlik, aydınlıq, dəqiqlik, ifadəlilik, emosionallıq, inandırıcılıq kimi keyfiyyətlərə malik olmalıdır. Nitqin düzgünlüyü dilin normaları ilə tənzimlənir. Nitqdəki hər hansı bir səhv, qeyri-dəqiqlik qavramanı çətinləşdirir, mənimsəməni ləngidir. Vurğu, intonasiya ilə bağlı səhvlər bu qəbildəndir. Xüsusən, sözlərin düzgün tələffüz edilməməsi ciddi nitq qüsurlarından sayılır. Sözün düzgün tələffüz edilməməsi dinləyicinin diqqətini yayındırır, məruzəçinin fikrinin, cümlənin mənasının başa düşülməsini çətinləşdirir.
Nitqiniz zənginliyi və orijinallığı ilə dinləyicilərin diqqətini cəlb etməlidir. Bunun üçün ana dilini dərindən bilməli, onun zəngin, özünəməxsus ifadə vasitələrindən istifadə etməyi bacarmalısınız. Nitqin keyfiyyəti lüğət ehtiyatınızın zənginliyindən və ondan istifadə etmək bacarığınızdan çox asılıdır. Nitqdə sinonimlərdən məqamında istifadə, yersiz təkrarlara yol verilməməsi çox vacibdir. Düzgün seçilmiş sinonim sözün müxtəlif məna çalarlarını çatdırır, fikrin daha dəqiq ifadəsinə xidmət edir.
Şifahi çıxış zamanı emosional ifadəliliyi artırmaq üçün bədii təsvir və ifadə vasitələrindən, atalar sözü və məsəllərdən, aforizmlərdən, frazeoloji birləşmələrdən istifadə məqamında olmalıdır. Nitqin kəsərini, dinləyiciyə təsirini gücləndirmək, qavramanı fəallaşdırmaq üçün inversiyadan - cümlədə sözlərin sırasının qəsdən pozulmasından, bədii suallardan, diqqəti mühüm fikrə cəlb edən bədii nidalardan istifadə müsbət nəticə verir.
Çıxış 5 dəqiqədən çox olmamalı, əlavə sualların cavablandırılması üçün vaxta qənaət edilməlidir. Çıxışın qiymətləndirilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınır: