- Mən qubernatın gözünə görükmürəm, harada görürəm, qaçıb gizlənirəm, daha məni görməyə-görməyə necə qulluqdan qova bilər?! Yəqin, heç yadına düşməyəcəyəm!
Hərdən qubernator dönüb qələbəyindən və ya qeyri polis məmurlarından bir şey sual etdikdə Zeynal bəy onun zəhmli nəzərinə qarşı gəlməmək fikrilə başını yavaşca əyib pristavın arxasında gizləyirdi. Belə də olurdu ki, dilənçi və ya hamballara bir əmr vermək bəhanəsilə məmurlardan aralanıb ayaq saxlayırdı və sonra yüz addımlıq bir məsafədən qubernatoru təqib etməyə başlayırdı. Kim bilir, qubernatorun hər səsi çıxdıqda Zeynal bəyin ürəyinə nə qorxular çökürdü, bədəninə necə titrəmə düşürdü.
... Bir gün sabah ertə Zeynal bəy dəftərxanaya daxil olduqda qonşu otaqdan qubernatorun qəzəbli səsini eşitdi. Səs əvvəl onun qulaqlarında qəribə bir halla cingildəyib cəmi bədəninə sirayət etdi, pis bir təsir vücuda gəldi. Zeynal bəy bihiss durub ağzıaçıq qaldı: qabağa getməyə cürət etmirdi, geri qayıtmağa da titrəyən qıçlarında taqət yox idi. Qubernatorun səsi getdikcə yavıqlaşırdı. Onun qaranlıq dəhlizdən qapıya tərəf gəldiyi aşkar olurdu. Zeynal bəy bunu hiss etdikdə çar-naçar sıçrayıb qapının dalında gizləndi və bunu elə düşüncəsiz halda etdi ki, küncə söykəli iri süpürgə döşəmənin üstə düşüb qapıya tərəf gələn qubernatoru qorxutdu. Qubernator əvvəl bir az duruxub, sonra əlindəki qamçı ilə qapının dalını qurdaladıqda Zeynal bəy ortalığa sıçradı və arıq əlini gicgahına qoyub təzim etdi.
Qubernator təəccüblə baxıb acıqlandı və zəhmli səsi ilə çığırdı:
- Von!!!
Neçə dəqiqə idi ki, qubernator arxasındakı polis məmurlan ilə dəftərxanadan uzaqlaşmışdı. Lakin Zeynal bəy əli gicgahında əvvəlki yerində donmuş kimi qalıb dili tutulmuş söyləyirdi:
-Ba-ba-ba... Balll... bal... balalarım... var... ac, ac qalarlar!..