- “Soyuq olur”, soyuq gözünüzə girsin!.. Tez ol, yeri, ürədnik Qulunu tap, deyinən qubernator gəlir, küçələri süpürtsün.
Qorodovoy börkünü başına basıb yüyürüb getdi. Zeynal bəy də bazamikin çığırmasını eşidib rastabazara döndü. Bazamik Alı bəy hambalları yoğun əsası ilə şapbarlayırdı.
Zeynal bəy yetirdi:
- Yenə nədir, ay Alı dadaş?
- Adə, bu köpək uşağı hambalları görmürsən, bazarı süpürməyə də pul istəyirlər. Köpək uşağının, sən öl, hamısını İrana qaytarıb atasına od vurulmalıdır!..
Zeynal bəy ehmal səslə dedi:
- Alı dadaş, hələ de görüm bu qubernatorun gəlməyinə nə deyirsən?
- Nə deyəcəyəm, Zeynal, evimiz yıxılıb! Kaş bu səfər gəlməyi yalan ola, adam işləri düzəldə...
- Alı dadaş, bəs biz qovulsaq, nə edəcəyik? Bizdən savayı, hamı özünü tutub.
- Hə, balam, odur, ürədnik Qulu qulluğa girəndən bəri böyük imarət tikdirib, bankda da, deyirlər, on min manat pulu var. Köpək oğlunun əvvəl heç zadı yox idi.
- Pristavın da kefi kökdür, o da özünü qaçaqçılardan yaxşı düzəldib.
- Ədə, ağıllı adam elə olar da!.. Deyir rüşvət alma, elə ki aldın, beş manat, on manat, ya bir kəllə qəndə yıxılma... Alırsan, yüz al, min al! Odur ki, Hacı Qasım hər bazardan şəhər yerini qəsb eləyib xəlvət dükan tikdirəndə pristava paketdə iki yüzlük gedir. Ay Zeynal, Hacı Qasım azından ildə xəlvət beş dükan tikdirirmi?
Zeynal bəy burada dərin bir “ah” çəkib dedi:
- A kişi, elə aralıqda qalan biz fəqir olduq!
- Zeynal, yenə sənin də işin yaxşıdır, pristavın səbəbinə axır sənə də az çatmırdı.
- A kişi, haradan, yüzlüklər pristava gedəndə mənə də bir kəllə qənd gəlirdi. Müsəlmanı tanımırsan, öz müsəlmanına xeyir verməz!
Alı bəy əsasını sol əlinə alıb, sağ əlini Zeynal bəyin çiyninə qoyub təkidlə:
- Sən yenə qənd alırdın, mən heç onu da ala bilmirəm. Hərdənbir qəssab dükanının dalında azarlı qoyun kəsiləndə “başını tuturam”. Onda evə ət göndərirlər; tutmayanda heç o da gəlmir. Köpək uşağı azarlı qoyunu da elə kəsirlər ki, heç ayda bir də başını tuta bilmirsən!..
- Xülasə, Alı dadaş, bunlar qurtarandan sonra bircə əlacımız var: gərək qubernatorun gözünə görükməyək. Belə olsa, birtəhər ötüşərik... Mən belə eləyəcəyəm; nə görsün, nə də qulluqdan qovsun! Zeynal bəy bir neçə saat bazan dolandıqdan sonra ürədnik Quluya rast gəldi. Ürədnik Qulu ucaboy, nazik, qarabəniz bir adam idi. Zeynal bəy Qulunu görcək, qəzəbli:
- Ay Qulu, balam, belə olmaz, haradasan? Bəs bu qırılmış qorodovoylar necə olub ki, biri tapılmır işə göndərim?
Ürədnik Qulu süst üzünü bir az yaxşıladıb, qızarmış kəsalətli gözlərini Zeynal bəyə döndərdi:
- Qorodovoyların beşi pristavın evində qulluq edir, su daşıyan, bişmiş bişirən, bazara gedən... üç-dördü də dünən ürədnik Həsəngildə idi. Olsun ki, indi yatıblar.
Zeynal bəy hirsindən köpüklənmiş ağzını silib, Quludan ayrılıb getdi. Və neçə addımlıq məsafədə bir də dayanıb çığırdı:
- Kasıb-kusublar gündə şikayətə gəlirlər ki, qorodovoylar qablarımızı, paltar və palazımızı çəkib aparırlar; bişmiş bişirməyə, üstündə oturub-durmağa da bir şey tapmırıq... Belə şeyin başı bir gün açılar, adamın anasını ağladarlar...
...Qubernator gəlmişdi. Polis məmurları şəhərin zahir görünüşünü qaydaya salmağa var qüvvələrini sərf etmişdilər. Qubernatorun köhnə məmurları qovmaq qəsdilə şəhərə gəlməsi hər kəsə gün kimi aşkar olmuşdu. Bircə Zeynal bəy toxtaq durub əvvəlki fikrində sabit idi: